​BAKI, 8 aprel. TELEQRAF

“Bu gün "Elm festivalı" çərçivəsində ilk tədbir keçirilir. Tədbirlər proqramında iki mühüm təşəbbüsə start verdik. Əsas məqsədimiz məktəbdə uğurları ilə seçilən şagirdlərin elmə marağını artırmaq oldu. Masallıda iki məktəbdə şagirdlərlə görüşümüz oldu. Keçirdiyimiz görüşlər zamanı şagirdlərin potensialı bizi sevindirdi”.

Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən “Elm festivalı”nda universitetin rektoru Ədalət Muradov deyib.

Rektor bildirib ki, son beş ildə UNEC alimlərinin beynəlxalq elmi bazalarda dərc olunan məqalələrinin sayında ciddi artım müşahidə olunur:

“2020–2025-ci illər ərzində UNEC tədqiqatçılarının SCOPUS bazasında dərc olunan məqalələrinin sayı 6.4 dəfə, Web of Science bazasında 5.8 dəfə, SciVal üzrə 6.3 dəfə, InCites bazasında isə 5.6 dəfə artıb. 2020–2024-cü illərdə Azərbaycan alimlərinin SCOPUS-da dərc olunmuş bütün elmi məqalələrinin 20%-i, Web of Science-də isə 19%-i UNEC-ə məxsusdur”.

Onun sözlərinə görə, festival çərçivəsində süni intellektin tətbiqi ilə bağlı müzakirələr olacaq: "Elmin rəqəmsallaşmasında UNEC modeli haqqında məlumatlandırma həyata keçiriləcək".