BAKI, 18 mart. TELEQRAF

Buraxılış imtahanı orta məktəbi bitirən şagirdlər üçün yalnız attestat almaq deyil, həm də ali təhsil müəssisələrinə qəbul prosesinin vacib mərhələsidir. Bu imtahanda şagirdlərin topladığı bal onların ümumi qəbul balına ciddi təsir edir. Bəzi şagirdlər imtahanda gözlədikləri nəticəni əldə edə bilmirlər. Belə olan halda növbəti il yenidən buraxılış imtahanında hansı şərtlərlə iştirak edə bilərlər?

Dövlət İmtahan Mərkəzindən (DİM) Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, abituriyentlər ali təhsil müəssisələrinə qəbul olmaq üçün 2 mərhələdə imtahan verirlər: "Cari ilin məzunları üçün buraxılış imtahanı birinci mərhələ hesab olunur. Əvvəlki illərin məzunları isə eyni məzmunlu (tədris dili, riyaziyyat, xarici dil) qəbul imtahanının birinci mərhələsini verirlər. Qəbul imtahanlarının II mərhələsi isə ixtisas qrupları üzrə blok imtahanlarıdır".

Bu barədə Teleqraf-a danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov buraxılış imtahanının qəbul prosesində rolunun kifayət qədər böyük olduğunu deyir: "Hazırda ali məktəblərə qəbul üçün ümumi bal 700 üzərindən hesablanır və bunun 300 balı buraxılış imtahanından gəlir. Qalan 400 bal isə abituriyentin blok imtahanında göstərdiyi nəticələrə əsasən formalaşır. Bu isə ümumi balın 30-35%-nin buraxılış imtahanına bağlı olduğunu göstərir. Əgər bir abituriyent buraxılış imtahanında yüksək bal toplayarsa, blok imtahanında orta nəticə göstərsə belə, ümumi balı kifayət qədər yüksək ola bilər. Məsələn, buraxılış imtahanında 280-300 bal toplayan bir şagird, blok imtahanında 380-400 bal toplayarsa, onun ümumi nəticəsi 700 civarında olacaq və bu, əksər ixtisaslara qəbul olmaq üçün kifayət edəcək. Lakin buraxılış imtahanından 150-200 bal alan bir abituriyent, hətta blok imtahanında yüksək nəticə göstərsə belə, ümumi balını 500-dən yuxarı qaldırmaqda çətinlik çəkəcək".

"Abituriyent buraxılış imtahanından 180 bal alıbsa..."

K.Əsədovun sözlərinə görə yüksək reytinqli universitetlərə qəbul olan tələbələrin əksəriyyəti buraxılış imtahanında da yüksək nəticə göstərmiş şagirdlərdir: "Keçən il ali məktəblərə qəbul olan abituriyentlərin təxminən 75%-i buraxılış imtahanında 250 bal və daha yüksək nəticə əldə etmişdi. Bu da buraxılış imtahanının gələcək nəticələr üçün nə qədər vacib olduğunu bir daha sübut edir. Abituriyentlərin qəbul imtahanında uğur qazanmaq üçün yalnız blok imtahanına deyil, həm də buraxılış imtahanına ciddi hazırlaşmaları vacibdir. Ballarından narazı olan və gələcəkdə daha yüksək nəticə əldə etmək istəyən abituriyentlər üçün əsas yol blok imtahanına daha ciddi hazırlaşmaqdır. Çünki buraxılış imtahanında zəif nəticə göstərən, lakin attestat almış məzunlar üçün yenidən buraxılış imtahanında iştirak etmək mümkün deyil. Bu halda abituriyentlər bütün diqqətlərini blok imtahanına yönəltməli və buraxılış imtahanındakı aşağı nəticəni kompensasiya etmək üçün maksimal bal toplamağa çalışmalıdırlar. Məsələn, əgər bir abituriyent buraxılış imtahanından 180 bal alıbsa və ümumi balını 650-700-ə qaldırmaq istəyirsə, blok imtahanında ən azı 470-500 bal toplamalıdır. Bu isə ancaq planlı və sistemli hazırlaşmaqla mümkündür".

Ekspert qeyd edib ki, əgər buraxılış imtahanı zəif nəticə ilə başa çatıbsa, blok imtahanı bu fərqi bağlamaq üçün ən böyük fürsətdir:

"Blok imtahanında yüksək nəticə əldə etmək üçün abituriyentlər ilk növbədə imtahan fənlərinin proqramını tam mənimsəməli və intensiv test həlli üzərində çalışmalıdırlar. Hər bir fənn üzrə əvvəlki illərin imtahan suallarını həll etmək, yazılı suallara cavab hazırlamaq və vaxt idarəetməsi strategiyasını qurmaq abituriyentin nəticələrini yaxşılaşdırmağa kömək edəcək. Bundan əlavə, buraxılış imtahanında zəif nəticə göstərən abituriyentlər üçün təkrarən daha çox oxu, məntiqi analiz və riyazi bacarıqları inkişaf etdirmək blok imtahanında daha yüksək bal toplamaq üçün vacibdir.

Tədqiqatlarım nəticəsində deyə bilərəm ki, buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərin qəbul imtahanının ikinci mərhələsində də daha uğurlu nəticə göstərmək ehtimalı daha yüksəkdir. Bunun səbəbi buraxılış imtahanının şagirdlər üçün bir növ hazırlıq mərhələsi rolunu oynamasıdır. Əgər bir abituriyent buraxılış imtahanında zəif nəticə göstəribsə, bu, onun blok imtahanına daha ciddi yanaşmalı olduğuna işarədir.

Ballarından narazı olan və gələcəkdə qəbul imtahanında iştirak etməyi planlaşdıran abituriyentlər üçün əsas tövsiyə mütəmadi və planlı şəkildə hazırlaşmaqdır. Buraxılış imtahanında zəif nəticə göstərən şagirdlər növbəti il buraxılış imtahanında iştirak edə bilməsələr də, onların blok imtahanında yüksək nəticə göstərmək üçün şansları var. Blok imtahanı ümumi balın 70%-ni təşkil etdiyi üçün buraxılış imtahanındakı aşağı nəticəni kompensasiya etmək mümkündür. Bunun üçün isə abituriyentlər fənlər üzrə dərindən hazırlıq aparmalı, öz bilik səviyyələrini analiz etməli və zəif tərəflərini gücləndirməlidirlər".

Ekspert bildirib ki, ali məktəblərə qəbul prosesində uğur qazanmaq istəyən abituriyentlər üçün əsas strategiya imtahanın hər iki mərhələsində – həm buraxılış, həm də blok imtahanında yüksək nəticə göstərməkdir.

Ballarından narazı olan abituriyentlər növbəti il yalnız blok imtahanına fokuslanmalı, planlı şəkildə hazırlaşmalı və öz hədəflərinə uyğun olaraq çalışmalıdırlar. İmtahan nəticələrinin yüksəldilməsi üçün təkcə test həlli deyil, həm də yazılı cavablar, analitik düşünmə və vaxt idarəetmə bacarıqlarını inkişaf etdirmək mühüm əhəmiyyət kəsb edir. Beləliklə, uğurlu qəbul nəticəsi əldə etmək üçün abituriyentlər hər iki imtahana ciddi yanaşmalı və strategiyalarını düzgün qurmalıdırlar".