
BAKI, 4 mart. TELEQRAF
Bakı Dövlət Universitetinin Riyazi fizika tənlikləri kafedrasının dosenti Nəzakət Məmmədova "Teleqraf" İnformasiya Agentliyinə müsahibə verib.
Nəzakət Məmmədova 1965-ci ildə Bakı şəhərində doğulub. 1982-ci ildə Bakı şəhərindəki 12 nömrəli orta məktəbi qızıl medalla bitirib, həmin il BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olub. 1987-ci ildə ali təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1991-ci ildə akademik Məcid Rəsulovun rəhbərliyi ilə namizədlik dissertasiyasını müdafiə edib.
1988-ci ildən BDU-da dərs deyir, Riyazi fizika tənlikləri kafedrasının dosentidir. İki qızı var, hər ikisi hüquqşünasdır.
Müsahibəni təqdim edirik.
- Belə bir fikir var ki, zəif ölkələrdə humanitar, inkişaf etmiş ölkələrdə isə dəqiq elmlərə maraq yüksək olur. Bu fikrə münasibətinizi bildirməklə yanaşı, daha bir suala cavab verməyinizi istərdik: Siz necə oldu ki, məhz riyaziyyatı seçdiniz, burada taleyin və təsadüfün rolu oldumu?
- Əvvəlcə sualın ikinci hissəsini cavablandırım. Məncə, insanın taleyini valideynləri, onun həyatına toxuna bilən yaxınları və müəllimləri tam təyin etmək gücündə olmasalar da, onu xeyli istiqamətləndirə bilirlər. Valideynlərimin hər ikisi BDU məzunlarıdır. Anam fizika, atam riyaziyyat fakültəsini bitirib, elmi-tədqiqat institutunda neft mühəndisi işləyiblər, uşaqlıqdan mənə və qardaşıma elmə, təhsilə sevgi aşılayıblar.
Mən Bakının 12 nömrəli məktəbində oxumuşam, oranı qızıl medalla bitirmişəm.
İllər keçdikcə insan keçmiş hadisələrə, ona dərs deyən müəllimlərə daha dəqiq qiymət qoyur, həmin müəllimlərin onun həyatında nə kimi rol oynadığını daha çox dərk edir. İlk müəllimim Alidə Məcidzadə bu gün də mənim idealımdır! Mən ona baxıb müəllim olmaq, məhz onun kimi müəllim olmaq istəmişdim - təmənnasız, sevgi dolu, savadlı, tələbkar və işinin peşəkarı.
Orta məktəbi bitirdiyim il həyatımın ən böyük sürprizini və ən unikal hədiyyəsini də o mənə təqdim etdi. Bu, xatirə dəftəri idi - məktəbə ayaq basdığım gündən mənim haqqımda təəssüratlarını yazdığı, ilk inşa yazılarımı, fotoşəkillərimi əlavə etdiyi və sonra yuxarı siniflərdə mənə dərs deyən əziz müəllimlərimin də ora əlavə etdiyi səmimi sözləri və arzularından ibarət Xatirə dəftəri.
Əbülfəz Naxçıvanlının ədəbiyyat dərsləri sanki bir tamaşa idi, keçdiyimiz şairlərdən, yazıçılardan çox şövqlə danışardı, bəzən bütün dərsi durmadan şeir deyə bilərdi. Yadımdadır, Mikayıl Müşfiqin faciəvi həyatına onunla bərabər ağlamışdıq...
4-5-ci siniflərdə musiqi dərslərini bizə bəstəkar Şahid Əbdülkərimov deyirdi və tarda çox gözəl ifa edirdi. Düşünürəm ki, musiqi zövqümün formalaşmasında onun çox böyük rolu oldu.
6-cı sinifdə Zivər Hüseynova bizə dərs deyərkən, məndə riyaziyyat sevgisi yarandı və buraxılış siniflərində Talıb Şərifovun dərs deməyilə riyaziyyatçı olmaq istəyim qətiləşdi. Talıb müəllim dərs hissə müdiri olmasına baxmayaraq, mənim ona verdiyim bütün suallara çox həvəslə cavab verir və yeri gələndə xeyli vaxt ayırıb çətinlik çəkdiyim məsələlərin həllində köməyini əsirgəmirdi. Məhz onun sayəsində başqa heç bir müəllim- repetitor olmadan cəmi bir imtahan (riyaziyyatdan) verib universitet tələbəsi oldum.
9-10-cu siniflərdə rus dilini tədris edən Elmira müəllimə (ona Elmira Qeydarovna kimi müraciət edirdik) bizi məktəbin ictimai həyatına cəlb etməklə və öz musiqi qrupumuzu yaratmaqla həyatımıza yeni nəfəs gətirdi.
Paralel olaraq, 15 saylı musiqi məktəbində oxuyurdum, orada musiqi ədəbiyyatı və solfecio dərslərindən çox istedadlı və son dərəcə tələbkar Zemfira İsmayılovadan dərs alırdım. Günlərin bir günü atamı musiqi məktəbinə dəvət edib: “Qızınız mütləq musiqi təhsilini davam etməlidir”,- demişdi. Atam isə onu inandırmağa çalışmışdı ki, qızının riyazi istedadı daha çoxdur. Mübahisə atamın qələbəsi ilə bitdi - sözsüz ki, bu mənim də arzum idi - 1982-ci ildə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbəsi oldum.
Keçək sualın ikinci hissəsinə. Zəif və güclü deyərkən, yəqin ilk növbədə iqtisadi güc nəzərdə tutulur. İqtisadi cəhətdən güclü ölkələrdə bütün elmlərin inkişafına yaxşı sərmayə qoyulur və dəqiq elmlərlə yanaşı, fəlsəfə, psixologiya, sosiologiya, hüquq kimi humanitar elmlərə böyük diqqət ayrılır. Unutmayaq ki, Höte, Şekspir, Heminquey, Kafka kimi ədəbiyyat dahilərini, Kant, Hegel, Şopenhauer, Nitsşe kimi filosofları elə güclü ölkələr bəxş edib bəşəriyyətə.
Dünyada psixologiya üzrə ən çox kitabları satılan Deyl Karnegidir (ABŞ), Noam Çomski (ABŞ) dilçilik sahəsində dövrümüzün ən nüfuzlu tədqiqatçısıdır. Demək istədiyim odur ki, güclü ölkə hər bir elmi ilə güclüdür.
Dəqiq elmlər daha çox vəsait tələb edir və bunun səbəbləri çoxdur: tibb, rabitə, enerji, nəqliyyat, mühəndislik, silah texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, alternativ enerji mənbələri, kvant fizikası, biomühəndislik və sair kimi sahələr dəqiq elmlərin uğurudur və ölkənin gücünün göstəricisidir.
Hər bir ölkənin texnoloji və iqtisadi inkişafı, milli təhlükəsizliyi və müdafiəsi, təbii resurslarının idarə olunması həmin ölkədə dəqiq elmlərin inkişafından xəbər verir. Bu elmlər çox investisiya tələb etdikləri qədər, çox da gəlir gətirir. Bununla belə, humanitar elmlərin də cəmiyyət üçün əhəmiyyəti böyükdür və onlar olmadan şəxsiyyət yetişdirmək, siyasət və hüquq sistemi qurmaq, mədəniyyət yaratmaq mümkün deyil və bu sahələri inkişaf etdirmək üçün yüksək texnologiyalara çox da ehtiyac yoxdur.
Yəqin elə buna görə iqtisadi və texnoloji baxımdan zəif ölkələrdə fəlsəfə, tarix, ədəbiyyat kimi elmlərə daha çox üstünlük verilir. Amma sərbəst düşüncə mühiti, fikir azadlığı olmayan ölkələrdə bu elmlər siyasi və ideoloji nəzarət altında inkişaf edir. Nobel mükafatçısı, yazıçı Qabriel Qarsia Markesin siyasi baxışlarına görə öz ölkəsi Kolumbiyada necə təqiblərə məruz qaldığını unutmayaq. Belə ölkələrdə mətbuat və ədəbiyyat cəmiyyətə uyğunlaşdırılmış fikirləri yaymırsa, təzyiqlərlə üzləşir adətən.
- Namizədlik işini görkəmli riyaziyyatçı, akademik Məcid Rəsulovun rəhbərliyilə müdafiə etmisiniz, müəlliminiz haqda nələri deyərdiniz?
- Akademik Məcid Rəsulovun həm universitetdə tələbəsi, həm də aspirantı olmuşam. Ancaq o dövrə qədər mən artıq onun haqqında çox eşitmişdim.
Hələ məktəbli olarkən, evimizdə riyaziyyata aid kitab rəflərinin birində çoxsaylı rus, yəhudi, ingilis müəlliflərinin kitabları içərisində azərbaycanlı müəllifin monoqrafiyasının olması, bu monoqrafiyanın Moskvanın “Nauka” nəşriyyatında nəşri və müəllifin həyat yoldaşına həsr edilməsi böyük marağıma səbəb olmuşdu. Məcid müəllim haqqında ilk dəfə o vaxt atamdan eşitdim və məlum oldu ki, o həm də universitet illərində anama dərs deyib.
Atam onun haqqında fəxrlə danışırdı. Ondan öyrəndim ki, atası Şəkidə ipək sənayeçisi olan Məcid Rəsulov uşaqlıqda ailəsi ilə birlikdə Qazaxstanda sürgün həyatı yaşayıb, gənclik illəri isə müharibənin ağır döyüş yollarında keçib... Öz doktorluq dissertasiyasını Moskvada, Sovetlər İttifaqının ən mötəbər riyaziyyat mərkəzində - Steklov adına Riyaziyyat İnstitutunda müdafiə edib və dünya riyazi ədəbiyyatında riyazi fizika tənlikləri üzrə təklif etdiyi üsullarla tanınır. Onun “Metod konturnoqo inteqrala” kitabı İngiltərə Kral Riyaziyyat Cəmiyyətinin sifarişi ilə ingilis dilinə tərcümə olunub Amsterdamda, ABŞ-da və Kanadada nəşr edilmişdi. O, xaricdə monoqrafiyası nəşr olunan ilk riyaziyyatçımız idi.
Tətbiqi riyaziyyat fakültəsinin tələbəsi olarkən Məcid müəllimi görmək, onu yaxından tanımaq arzusu ürəyimdə idi. Yuxarı kurs tələbələri onun çox tələbkar, ciddi, qeydi-adi bir müəllim olduğunu, ondan “əla” almağın qeyri-mümkünlüyünü deyirdilər. III kursda ixtisaslaşma zamanı Riyazi fizika tənlikləri kafedrasını seçdim. Artıq əmin idim - o mənim müəllimim olacaq!
Elə ilk dərslərindən bir şeyi başa düşdüm: qarşımızdakı əsl riyaziyyatçıdır. Yəni aldığı təhsilə görə yox, düşüncəsinə və həyat tərzinə görə, damarlarında axan qanına qədər “riyaziyyatçı” olan bir insan! Onun dünya görüşünə, riyazi erudisiyasına, uzun-uzadı hesablamaları beynində aparmaq bacarığına, məsələlərin həlli gedişini və alınacaq nəticəni qabaqcadan görmək qabiliyyətinə heyran olmamaq mümkün deyildi.
Yeri gələndə tələbələrlə etdiyi zarafatlar, danışdığı Şəki lətifələri də dərslərimizə şirin bir rəng qatırdı.
Məcid müəllimin dərslərini dinlədikcə, onu seyr etdikcə, fransız alimi Puassonun bu kəlamı yadıma düşürdü: “Həyatı iki şey bəzəyir: riyaziyyatla məşğul olmaq və onu tədris etmək”. Hansısa düsturu çıxararkən və ya teoremi isbat edərkən, Məcid müəllimin aldığı həzzi sezməmək mümkün deyildi. İstədiyi nəticəni alanda gözləri uşaq kimi sevincdən parıldayır və çox məmnun görünürdü. Tezliklə başa düşdüm ki, onun haqqında tez-tez işlədilən “tələbkar”, “əsəbi”, “sərt” sözləri (sürgün və müharibə illəri, əlbəttə, təsirsiz ötüşməmişdi), necə deyərlər, aysberqin ancaq görünən tərəfi imiş. Onun o biri tərəfində isə, əslində, çox xeyirxah və mərhəmətli, bəzən uşaq qədər sadə, ürəyi insanlara və vətənə məhəbbətlə dolu olan bir insan dururdu. Maraq dairəsi çox geniş idi, fəlsəfəni, siyasəti yaxşı bilirdi, Sabirin şeirlərindən, Füzulinin qəzəllərindən yeri gələndə əzbər deyirdi...
Dərsdə verdiyim cavablarla, ona ünvanladığım suallarla diqqətini cəlb etmişdim, əsasən də bir lemmanın şərtlərini yüngülləşdirmək cəhdlərimi çox bəyənmişdi və dərsdə “təkcə siz məndən deyil, mən də sizdən öyrənirəm” – söyləmişdi, bir gün təvazökarlıqla. Kurs işi, diplom işi rəhbərim də Məcid müəllim oldu. Onun verdiyi hər bir tapşırığın öhdəsindən gəlməyə çalışır, qoyduğu məsələlərə bəzən aylarla vaxt sərf edirdim.
1987-ci ilin dekabrında Məcid müəllimin təklifiylə (hətta deyərdim ki, təkidiylə) onun aspirantı oldum - iyirminci və təəssüf ki, sonuncu aspirantı... Onunla olan hər bir görüşü, məsləhət saatını səbirsizliklə və həyəcanla gözləyirdim. Məhz onun tələbkarlığı sayəsində mən işimi vaxtında tamamladım və 1991-ci ilin may ayında müdafiə etdim.
Bu illərdə olan bir epizodu yada salmaya bilmərəm. Tədbirlərin birində pianoda ifamı eşidən Məcid müəllim səhəri gün kafedrada mənə zarafatyana demişdi: "Elə bilirdim, hər şeyi səndən yaxşı bilirəm, demə, elə bir şey var imiş ki, məndən yaxşı bacarırsan”. Sonra üzündə ciddi ifadə alıb bu sözləri əlavə etmişdi: ”Heç vaxt unutmayaq ki, qarşımızdakı hər bir insan mütləq hansısa cəhətinə görə bizdən üstündür. Belə düşünsək, təkəbbürlü olmarıq”.
Məcid müəllim təmənnasız, dürüst, ədalətli və cəsarətli idi. Həqiqəti hər şeydən üstün sayan müəllimim əsəbləri və bir çoxlarıyla münasibətləri pozmaq hesabına olsa da, öz mənəvi prinsiplərini qoruyub saxlamağı bacarırdı.
Hazırda mən Məcid müəllimin 1964-cü ildə yaradıcısı olduğu “Riyazi fizika tənlikləri” kafedrasının dosentiyəm.
- Böyük azərbaycanlı alim Lütfi Zadə ilə görüşdüyünüzü bilirik. Onunla görüş haqda hansı təfərrüatlar var, təəssüratlarınız necədi?
- Lütfi Zadə ilə 2001-ci ildə Türkiyədə, Antalyanın "Şeraton" otelində onun 80 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda (konfransın əsas təşkilatçısı professor Rafiq Əliyev idi) görüşmüşdüm. Onun əsas nəzəriyyəsi – “Qeyri-səlis çoxluqlar” nəzəriyyəsi ilə artıq tanış idim və bu mövzuda bir neçə məqaləm dərc olunmuşdu.
Haqqında tələbələrimə danışdığım, dünya elminin mənzərəsini dəyişmiş bu alimi yaxından görmək, onu dinləmək çoxdankı arzum idi. Yol uzunu ona necə yaxınlaşacağımı, hansı sualları verəcəyimi düşünmüşdüm. Çox həyəcanlı idim. Biz gələndə o, artıq konfrans zalında idi.
Onun özünün bizə yaxınlaşması, mehribancasına görüşməsi, Bakıdakı yeniliklərlə maraqlanması məni xeyli təəccübləndirdi və bir anda bütün həyəcanım yox oldu. Qarşımızda xarizmatik, işıqlı bir insan dayanmışdı.
Lev Tolstoyun çox məşhur bir kəlamı var: ”İnsan kəsrə bənzəyir - məxrəcində özü haqqında düşündüyü, surətində isə əslində olduğudur. Məxrəc böyük olduqca kəsr kiçilir”. Bu mənada çox böyük insan idi Lütfi Zadə... Tərifi sevmədiyi açıq-aşkar sezilirdi, ona tərif demək istəyənlərin sözünü tamamlamağa imkan vermirdi, sadəliyi və təvazökarlığı bəlkə həddən artıq idi.
Konfrans üç gün davam etdi və fasilələrdə onunla bir neçə dəfə ünsiyyət imkanım oldu. Elmi işlərimlə maraqlandı və lazım gələrsə köməyini əsirgəməyəcəyini bildirdi. Bizə yaxınlaşıb öz fotoaparatı ilə şəklimizi çəkməsi və “istəyirəm sizin şəkilləriniz məndə yadigar qalsın” deməsi onu gözümdə bir az da ucaltdı. Həmin günlər həyatımın ən parlaq xatirələrindən oldu, bu böyük insan ürəyimdə və hafizəmdə ömürlük iz qoydu.
- Sizin məqalələrinizlə tanış olanda məlum olur ki, öz sahənizin - riyaziyyatın (və fizikanın) fəlsəfə və ilahiyyatla əlaqəsini axtaran, daha doğrusu, bu elmlərin fəlsəfi-mistik dünyagörüşə təsirindən bəhs edən nadir alimlərdənsiz. Sizi bu iki aləmin qovşağına gətirən səbəblər hansılardır?
- Fəlsəfəsiz elm yoxdur, varsa da, bu elm deyil, sadəcə məlumat toplusudur. Fəlsəfə sözünün mənasını hamımız bilirik - bu, hikmət sevgisi, bilik sevgisi deməkdir.
Əslində riyaziyyatla fəlsəfə doğuluşdan bir yerdə olublar. Riyaziyyat elmini qədim filosoflar yaradıb. Fales, Pifaqor, Platon, Aristotel, Evklid, Zenon kimi filosoflar riyaziyyatı fəlsəfənin ayrılmaz hissəsi hesab ediblər, riyaziyyatın əsas prinsiplərini yaradıb, riyazi məntiqin əsasını qoyublar. Hətta mən deyərdim ki, riyaziyyatla məşgul olmaq filosof üçün bir prestij, nüfuz məsələsi idi və belə bir fikir formalaşmışdı ki, riyaziyyatdan baş çıxarmayan filosof həyatı başa düşə bilməz.
Platon Akademiyasının qarşısına “riyaziyyatı bilməyən bura daxil olmasın” sözləri yazılıbmış. Elmə fəlsəfi baxış fərqli düşüncələr formalaşdırır və bu zaman yeni nəzəriyyələr yaradılır - qeyri-Evklid həndəsəsi, Kantorun çoxluqlar nəzəriyyəsi, nisbilik nəzəriyyəsi və ya qeyri-səlis məntiq nəzəriyyəsi... Riyaziyyatçı, ya riyaziyyat müəllimi riyaziyyatı həyatla əlaqələndirmək, gördüyü işlərin mənasını başa düşmək, tələbələrinə fənnini sevdirmək istəyirsə, oxuduqlarına və öyrəndiklərinə düşünərək yanaşmalıdır. Mən də buna çalışmışam.
- Qısa rezümə eləsək, riyaziyyat elminin hazırkı səviyyəsi bizim dünyamızın fəlsəfi-mistik anlayışı haqda nələr deyir, sizi təəccübləndirən, elmi-kütləvi məqalələr yazmağa sövq edən amillər hansılardır?
- Əvvəllər sirli və mistik görünən bəzi hadisələrə riyazi üsullarla aydınlıq gətirilib. Eramızdan beş əsr əvvəl Pifaqor dünyanın ilahi bir harmoniyasının və kainatın musiqisinin olduğunu iddia edirdi. Kepler riyazi üsullarla planetlərin orbitlərinin ellips olduğunu və onların hərəkətinin müəyyən qanunauyğunluqlara tabe olduğunu göstərdi, hətta hər planetin öz “musiqisini” hesabladı.
Keçmişdə, məsələn, ildırım, şimşək mistik qüvvə, Allahın qəzəbi kimi qəbul olunurdu. Dörd əsas diferensial tənlikdən ibarət olan Maksvel tənlikləri bu hadisələri elektromaqnit fenomeni kimi izah etdi. Nisbilik nəzəriyyəsi və kvant mexanikasının kəşfi ilə bir çox hadisələr - qravitasiya dalğaları, qara dəliklər, kainatın genişlənməsi kimi fenomenlər izah olundu. Kvant kompüterləri və hətta dövrümüzün ən böyük möcüzəsi Süni İntellekt də bu kəşflərin nəticəsidir.
2020-ci ildən AMEA-nın “Elm və həyat” jurnalında məqalələrim dərc olunur. Mənim əsas ilham mənbəyim, motivatorum tələbələrimdir. Həmişə onlar üçün maraqlı olmağa çalışmışam, hərdən sualları üzərində günlərlə düşünmüşəm. 2003-cü ildə tələbələrimin mənə verdiyi suallar əsasında əyləncəli bir kitab da yazmışdım və mövzuya aid müəyyən rəsmlərimi də ora əlavə etmişdim. Bu suallarla dərsimizə bir oyun-əyləncə elementləri qatmaq istəyirdim və buna bu gün də davam edirəm.
Bəzən oxuduğum hansısa fakt, ya gördüyüm video məni təəccübləndirə və ya maraqlandıra və yazmağa sövq edə bilər. Məsələn, rus alimi Perelmanın Amerikanın Kley İnstitutunun vəd etdiyi milyon dollardan imtina etməsi heyrətimə səbəb olmuşdu və mən bunun səbəblərini xeyli araşdırdıqdan sonra “Puankare hipotezi necə isbat olundu və ya milyon dollardan imtina edən insanı başa düşmək cəhdləri” adlı bir yazı yazmışdım.
Hindistanlı alim Ramanucan natural ədədlər sırasının cəminin mənfi on ikidə birə bərabər olmasını iddia edirdi, ingilis alimi Hardiyə yazdığı bir məktubunda. Bunun isbatını "Youtube"da gördükdən sonra həmin alimin digər işləri də mənə çox maraqlı gəldi və “Hindistanlı alim Ramanucan və onun ekzotik düsturları” adlı bir məqalə yazdım.
Riyaziyyatla musiqinin əlaqəsi həmişə maraq dairəmdə olub. Araşdırmalar məni çox uzaqlara, Pifaqor dövrünə apardı və məlum oldu ki, musiqi harmoniyasının əsaslarını yaradanlar da, simli alətlərin harmonik səslənməsinə nail olanlar da elə riyaziyyatçılardır (Pifaqor, Eyler, Dalamber və b.) və mən “Riyaziyyatı musiqiyə bağlayan “sim” adlı bir yazı yazdım.
Musiqidə interval, ritm, temp, tezlik riyazi anlayışlardır və bütün səslər (uyğun tezliklər) ardıcıl olaraq həndəsi silsilə qanunauyğunluğu ilə düzülüblər. Furyenin harmonik analizi istənilən mürəkkəb musiqi dalğasını sadə sinus dalğalarının cəmi kimi təsvir etməyə imkan verdi və bu gün akustika, musiqi emalı sahələrində Furye analizi əsas metodlardan biridir.
Tələbələrimə differensial tənliklərin proqnoz vermək xüsusiyyətlərindən danışarkən determinizm nəzəriyyəsinə də toxunduq və bir çox söhbətlərimizdən sonra “Differensial tənliklər, Laplas şeytanı və bir az da Şrödinger pişiyi haqqında düşüncələr” adlı məqaləmi yazdım.
Maarifləndirici yazılarından daim bəhrələndiyim, çox hörmətli və dəyərli ziyalımız İbrahim Nəbioğlunun Gödel haqqında feysbukda yazdığı bir yazı məni riyaziyyatın ən fəlsəfi teoremləri olan Gödel teoremləri haqqında yazmağa həvəsləndirdi və “Hilbertin ikinci probleminin yaratdığı suallar və qüdrətli elmin zəif tərəfləri haqqında Gödel teoremləri” adlı məqaləmi yazdım. Bu teoremlər onu göstərir ki, hər bir elmdə daim cavabsız suallar, açılmamış sirlər olacaq və idrakımızın hüdudları məhduddur. Yəni riyaziyyat nə qədər qüdrətli və hər şeyə qadir bir elm kimi görünsə də, qarşısında aciz qaldığı problemlər olacaq həmişə.
Kainatın fundamental tənliyi varmı? Kvant mexanikası ilə şüur arasında dərin bir əlaqə mövcuddurmu? Kainatın özü hansı riyazi prinsipə əsaslanaraq yaranıb? Kainatın genişlənməsi hansı riyazi qanuna tabedir? Cavabsız suallar hələ də çoxdur...
- İki fikir var: bəziləri deyir ki, elm insanı dindən, daha dəqiqi, Allahdan uzaq salır. Yəni Allaha, mistik aləmə yönəlmə bilgisizliyin yaratdığı təşvişdən, həyəcandan başqa bir şey deyil. Başqa bir fikrə görə, elmin dərinliklərinə vardıqca (makro və mikrodünyada nizam, incəlik və sair) dünyanın İlahi tərəfindən yaradıldığı fikrinə yaxınlaşırsan. Sizin elm sahəsində illərlə yığdığınız təcrübə, müşahidə, bilgi nə deyir?
- Tarixdə bir çox alimlər teist olublar, yəni Tanrıya inanıblar. Bir çoxları da elmlə ona görə məşğul olublar ki, dünyanın, Allahın sirlərini aça bilsinlər.
XIII əsrin böyük islam alimi, fəlsəfə və təbiət elmlərinin dərin bilicisi N.Tusi hesab edirdi ki, kainatın hər bir nöqtəsində ilahi hikmətin təzahürü var, insanın ən böyük məqsədi Tanrıya yaxın olmaq, Onunla birləşməkdir və insan bunun üçün elmi-fəlsəfi biliklərə yönəlməli, mənəvi təmizlənməyə çalışmalıdır. Tusi əsərlərində Tanrının varlığını fəlsəfi və məntiqi arqumentlərlə sübut etməyə çalışıb və Onu “gözlə görünməyən, amma hər şeyin əsası olan bir varlıq” kimi təsvir edib.
Nyuton dindar idi və kainatın Tanrı qanunları ilə yarandığını düşünürdü, onun bir neçə teoloji əsəri də var. Leybnis də elmi və fəlsəfi əsərlərində Tanrıya inandığını vurğulayır, kainatın riyazi və metafizik qanunlarını Tanrının mükəmməl ağlı ilə əlaqələndirir və düşünürdü ki, dünyamız bütün mümkün dünyalar içərisində ən yaxşısıdır.
Kepler kainatın riyazi quruluşunun, planetlərin hərəkətinin Tanrıdan gəldiyini qeyd edirdi əsərlərində, onu “dahi həndəsəçi” adlandırırdı. Elektromaqnetizmin əsasını qoyan Faradey dərin inanclı bir alim idi, elektrodinamikanın tənliklərini formalaşdıran Maksvel də Tanrıya inanırdı və elmi kəşflərinin ilahi bir planın hissəsi olduğunu düşünürdü.
Hindistanlı riyaziyyat dahisi Ramanucan öz qeyri-adi, mürəkkəb düsturlarının ona ilahi varlıqdan gəldiyini iddia edirdi. Özünun natamamlıq teoremləri ilə tanınan Gödel Tanrının varlığının ontoloji isbatını vermişdi. Kvant nəzəriyyəsinin banilərindən olan Plank da dini və elmi uzlaşdırmağa çalışır və Tanrının varlığını qəbul edirdi.
Riyazi analiz sahəsində ən görkəmli alimlərdən olan fransız riyaziyyatçısı Koşi də çox inanclı və bütün dini ritualları yerinə yetirən biri olub. O, yazırdı ki, Tixo de Brage, Kopernik, Dekart, Nyuton, Ferma, Leybnis, Paskal, Grimaldi, Eyler kimi mən də inanclıyam, bu müqəddəs iman bəxşişi olmadan, gələcəkdə məni nəyin gözlədiyini və nəyə ümid bəsləyəcəyimi bilmədən ruhum qeyri-müəyyənlik içində olardı və bu narahatlıq bəzən həyatdan iyrənməyə və intihara aparıb çıxara bilərdi...
Eynşteynin məşhur ifadələrindən biri belədir: “Elmin Allaha aparan bir yol olduğunu düşünürəm”. Onun Allah anlayışı ənənəvi Allah anlayışından fərqli idi, özünün dediyi kimi, onun Allahı Spinozanın Allahı idi - onun üçün Allah kosmosun, kainatın daxili nizamı idi və elmi kəşflər bu nizamı anlamaq üçün bir yol təqdim edirdi. Eynşteyn, Tanrı zər atmaz deyərək, kainatın dərin qanunauyğunluqlarına işarə edirdi.
Allahın varlığını empirik isbat etmək mümkün olmadığından bəzi alimlər bu hipotezə ehtiyac olmadığını hesab ediblər. Laplas, Dirak, Bolsman, Tyurinq, Rassel Saqan, Adamar, Feynman, Hokinq kimi alimlər düşünürdülər ki, kainatın əmələ gəlməsini izah etmək, maddi aləmi anlamaq üçün Allaha ehtiyac yoxdur, təbiət qanunlarını dərk etdikcə fövqəltəbii qüvvələrə yer qalmayacaq.
Amma bu gün də çox suallar cavabsızdır: kainatın yaranma səbəbi kimi izah edilən “Böyük partlayış” (Big-bang) Hokinqin iddia etdiyi kimi kvant qanunları ilə spontan baş verdisə, bu qanunlar hardan gəldi, bu partlayış “heç nədən” baş verdisə bu “heç nə” nədir? Fiziki qanunlar ümumiyyətlə, öz-özünə mövcud ola bilərmi? Düşünürəm ki, bizim sistem çərçivəsində bu sualların cavabı yoxdur.
Allahı dərk etməyə çalışmaq sonsuz bir yolçuluqdur, hər bir yeni kəşf daha dərin suallar doğurur. Onu tam anlamasaq da, Ona doğru irəliləyə bilərik elmlərin köməyilə...
- Pifaqor ədədlərlə insan taleyini müəyyənləşdirməyin mümkünlüyünü irəli sürürdü. İsaak Nyutonun hətta dünyanın sonunu (apokalipsisi) hesabladığı deyilir. Ədədlər və mistika barədə nə deyə bilərsiz?
- Mənim üçün ədədlərin mistikası tələbə olarkən xəyali vahidlə, yəni kökaltında mənfi birlə başladı. Varlığını bildiyimiz bu gözəgörünməz ədədi təsəvvür etmək çox çətin idi.
Sonralar Leybnisin xəyali ədədlər haqqında yazdığı “Xəyali ədədlər ilahi ruhun gözəl və möcüzəli sığınacaq yeridir, olum və ölüm arasında olan amfibiyadır” kimi fikirləri ilə tanış olanda onların sehri, mistikası bir az da artdı gözümdə. Maraqlıdır ki, bir çox hesablamalarda köməyimizə gələn xəyali ədədlər praktik məsələlərin son həll düsturunda iştirak etmir, “yoxa çıxırlar”.
İslamda da rəqəmlər mühüm rol oynayır. Bildiyimə görə, Quranda xeyli riyazi qanunauyğunluqlar tapılıb, məsələn, “19 kodu” İslam alimləri tərəfindən xüsusi vurğulanır. Bəzi millətlərdə və dinlərdə uğurlu və uğursuz ədədlər anlayışı da var.
Pifaqor və pifaqorçular rəqəmlərə mistik və ilahi məna yükləyirdilər. Onlar hesab edirdilər ki, dünyanı ədədlər idarə edir və hər şey müəyyən ədədi qanunauyğunluğa tabedir. Onların əsas prinsiplərindən biri “hər şey ədəddir” fikri idi. Pifaqorçular insan həyatının və taleyinin də müəyyən ədədi kodlarla idarə olunduğunu düşünürdülər. Yəqin buna görə Pifaqorun adı çox vaxt numerologiya ilə yanaşı çəkilir. Müasir numerologiyada insanın adı və doğum tarixinin rəqəmləri xüsusi üsullarla analiz edilir və onların insan taleyinə təsiri iddia olunur.
Əlbəttə, riyazi qanunauyğunluqlar təbiətdə açıq-aşkar müşahidə edilir, amma onların insan taleyi ilə birbaşa əlaqəli olduğunu hələ ki sübut edən elmi əsas yoxdur. Hər halda, tarix boyu bir çox alim və filosoflar bu fikirdə olublar ki, kainat ədədi qanunlarla idarə olunur, lakin nə onlar, nə də müasir elm bu qanunların hamısını aşkar edə bilməyib.
Nyuton təkcə fizik və riyaziyyatçı deyildi, həm də teoloq idi və bir neçə teoloji əsərin müəllifi kimi tanınır. O, düşünürdü ki, elm və dini inanclar bir-birilə zidd deyil, əksinə, kainatın qanunları və Tanrının planı bir-birilə uyğunluq təşkil edir.
Nyuton Bibliyanın kodlaşdırılmış sirlərinin olduğuna inanır, bu sirləri riyazi üsullarla, riyazi məntiqlə açmağa çalışırdı. Bibliya mətnlərini oxuyaraq və təhlil edərək, o müəyyən hesablamalar aparmış və dünyanın sonunun 2060-cı illərə təsadüf edəcəyini təxmin etmişdi. Onu da qeyd edim ki, bu tarixin "apokalipsis" üçün ehtimal olunan ən erkən tarix olduğunu vurğulayıb Nyuton əlyazmalarında.
O, həm də həmin tarixdə dünyada hər hansı ciddi transformasiya olacağını da istisna etmirdi. Bu proqnozlar onu bir növ “elmi peyğəmbərlik” edən alim kimi tarixə yazdı...
- Azərbaycanda riyaziyyat elminin bugünkü səviyyəsi barədə nə deyərdiz? Yeni nəsil bu elmə həvəs göstərirmi? Tələbələriniz varmı?
- Riyaziyyatın Azərbaycanda ən inkişaf etmiş dövrü əsasən, keçən əsrin ikinci yarısına təsadüf edir. Məhz bu dövrdə M.Rəsulov, Z.Xəlilov, Ə.Hüseynov, İ.İbrahimov, M.Qasımov, A.Babayev kimi alimlər Azərbaycan elmini beynəlxalq miqyasda tanıtmağa nail olmuş, məktəb yarada bilmişlər.
Əlbəttə, bu gün də Azərbaycan alimləri beynəlxalq konfranslarda iştirak edir, nüfuzlu elmi jurnallarda məqalələr dərc etdirirlər, xarici ölkələrdə işləyib öz sözünü deyə bilən Qərib Mürşüdov, Məsud Əfəndiyev kimi riyaziyyatçılarımız var. Amma ümumiyyətlə desəm, sözsüz ki, bir çox ölkələrdən geri qalırıq.
Gənc alimlərin, tələbələrin beynəlxalq səviyyədə iştirak etməsi üçün əlavə dəstək və resurslara ehtiyac var, yuxarıda qeyd etdiyim kimi, dəqiq elmlər çox investisiya tələb edir. Riyaziyyatın praktik tətbiqləri, informatika və mühəndislik sahələrində hələ çox işlər görülməlidir. Vaxtilə dərs dediyim istedadlı tələbələrimin içində Metada, Amazonda, digər xarici və yerli şirkətlərdə yaxşı pozisiyalarda çalışanlar var. Hərdən onları indiki tələbələrimə master-klas verməyə dəvət edirəm.
İT sahəsində xeyli uğurlar qazanmış Turan Qocayev, Adil Əliyev, Emin Quliyev, Nicat Nəsirov, Ülvi Şükürzadə, Sakit Atakişiyev, Kənan Fətullayev kimi keçmiş tələbələrimlə olan görüşlər və söhbətlər xeyli tələbəmin özünə düzgün istiqamət seçməsinə səbəb olub. Təəssüf ki, belə gəncləri aşağı maaş səbəbindən müəllimlik cəlb etmir.
Etiraf edim ki, bu gün tələbənin elmə həvəsi əvvəlki kimi deyil. Bu həm qlobal tendensiyalarla, həm də bilavasitə ölkəmizdəki vəziyyətlə bağlıdır. Riyaziyyat sahəsində yüksək maaşlı iş yerləri azdır, internet və sosial media diqqət dağınıqlığını artırıb, tələbələr dərin elmi araşdırmalar aparmaq əvəzinə, daha qısa və sürətli nəticələr əldə etmək istəyir, bir az çətinə düşən kimi ChatGpt-yə müraciət edir, məsələlərin həllini orda tapırlar, bu da istər-istəməz onların düşünmə tərzində, yaradıcılığında qüsurlar yaradır, beyinləri tənbəlləşdirir. Digər tərəfdən, dərin riyazi biliklər olmadan sadə proqramlarla işləməyi öyrənmək, online satış, biznes, marketinq, "İnstagram", "Tik Tok" səhifələrini idarə etmək və digər sahələr daha sürətli karyera qurmaq və gəlir əldə etmək imkanı yaradır.
Mənim oxuduğum dövrdə elmi araşdırmalar və intellektual müzakirələr cəmiyyətin əsas dəyərlərindən biri idi, indi isə praktiki və maddi yönümlü düşüncə üstünlük təşkil edir. Başqa sözlə, mənim tələbəlik illərimdəki elmə romantik münasibət, praqmatik münasibətlə əvəz olunub.
- Öz maraq dairəniz haqda məlumat verməyinizi istərdik. Bədii ədəbiyyat - roman, şeir oxuyursuzmu?
- Son zamanlar bədii ədəbiyyat demək olar ki, oxumuram. Son oxuduğum və çox bəyəndiyim kitab İradə Qədirovanın İran səyahəti haqqında yazdığı “Əfşan” əsəri olub. Maraq dairəmə uyğun elmi-populyar ədəbiyyat oxuyuram, ya da öyrədici podkastlara, maarifləndirici videolara baxıram, adətən.
Dahi insanların həyatını öyrənmək də mənə çox maraqlı gəlir. Səyahət etməyi, müxtəlif xalqların adət-ənənələri ilə tanış olmağı, şəhərlərin ruhunu hiss etməyi sevirəm. Atamla, ailəmlə, sevdiyim insanlarla vaxt keçirmək mənə xüsusi zövq verir. Ən böyük hobbim musiqidir. Qohumlarla, dostlarımla bir yerdə tamaşalara, konsertlərə getmək də ən sevdiyim məşğuliyyətlər arasındadır.
- Özünüzü inanclı sayırsızmı?
- Yaradanın nə olduğunu, kim olduğunu dərk edə bilməsəm də, ona inanıram. Bütün varlıqların var olması üçün bir səbəb, bir zəruri varlıq lazımdır. Bu varlığa Allah deyirik.
Hərəkət edən hər bir şeyin hərəkətvericisi olmalıdır. İlk səbəb, ilk hərəkətvericini də Allah adlandırırıq. Kainatda müşahidə olunan qanunlar, nizam və harmoniya da təsadüfi ola bilməz, bunlar ali bir zəkadan qaynaqlanır və bu zəkanın adı Allahdır. Təəssüf ki, insan ağlının məhdudluğu bu varlığı tam qavraya bilməyəcək.
Mən inanclı ailədə böyümüşəm. Atamın ana babası Fərəculla Pişnamazzadə Şəkidə və Bakıda tanınmış axund olub. O, Şəkidə ilk qız məktəbini yaratmış, hüzür yerlərində, Həcc ziyarətlərinə xərclərin azaldılıb maarifə xərclənməsi, aşura günlərində baş yarmaq, zəncir vurmaq və dinimizə xələl gətirən digər adətlərin götürülməsi istiqamətində çox işlər görmüşdü. Türkcə Quranın ikicildlik təfsirini yazmış və Şəkidə sünni-şiə münaqişəsinin aradan qalxmasına səbəb olmuşdu.
Lev Tolstoy “Hacı Murad” əsəri üzərində işləyərkən Salman Mümtazın məsləhətiylə Babamla məktublaşıb, İslam dininə dair dürüst bilgilər əldə edib. Bəxtiyar Vahabzadə, Əzizə Cəfərzadə kimi ziyalılarımız ərəb və fars dillərini məhz Şeyx Fərəculladan öyrənmişlər.
Əzizə Cəfərzadə “Mənim birinci Şeyxim” məqaləsini Pişnamazzadəyə həsr etmiş, həyatında bu insanın oynadığı rola çox önəm vermişdi. Bəxtiyar Vahabzadə isə onun haqqında belə demişdi: “Mən Şeyx Fərəculla kimi hərtərəfli biliyə malik, sanballı din xadiminə rast gəlməmişəm...”
Cəlil Məmmədquluzadə məktublarında ona “Fəzilətli Fərəculla Pişnamazzadə” deyə müraciət edir, Nuxa dünyasını ondan ibarət bildiyini yazırdı. Atamın (Qəzənfər Əlioğlunun ) babası haqqında 2006-cı ildə yazdığı kitab da məhz belə adlanır: “Fəzilətli Fərəculla Pişnamazzadə”. Ulu babam haqqında eşitdiklərim, onun həyat tərzi, dini baxışları bizim bütün ailə üzvlərimizə sirayət edib yəqin ki...