BAKI, 11 fevral. TELEQRAF
Fevralın 10-da Şəmkir rayonu Əhməd Cəmil adına Zəyəm qəsəbə tam orta ümumtəhsil məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu barədə Teleqraf-a Məktəbəqədər və Ümumitəhsil üzrə dövlət agentliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən müdir müavini Anar Məcidov, məktəb rəhbərliyi, pedaqoji kollektiv və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 1176 şagird yerlik məktəb Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Məktəbdə sinif otaqları, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, inzibati heyət üçün iş otaqları istifadəyə verilib.