![](https://teleqraf.az/storage/2025/02/07/715x378/15228386045ac4ac4c5e5521.13306179.jpg)
BAKI, 7 fevral. TELEQRAF
Bakıda yerləşən 210 nömrəli tam orta məktəbdə şagirdə naməlum məqsədlə arxasında nömrə qeyd olunmuş vərəq verildiyinə dair sosial şəbəkələrdə iddialar yayılıb.
Teleqraf xəbər verir ki, Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında sözügedən vərəqələrin qızına yuxarı sinif şagirdləri tərəfindən verildiyini bildirir:
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qeyd edilib, digər üzündə isə bir oyunun loqosu əks olunub və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu “Google” üzərindən araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”, - deyə vətəndaş qeyd edib.
Bakı Şəhər Təhsil İdarəsindən Teleqraf-a bildilib ki, məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılıb: “Valideyn məktəbə dəvət olunub, şagird və valideynlərlə müvafiq söhbətlər edilib. Məktəb psixoloqu tərəfindən şagirdlərlə bağlı dəstəkləyici tədbirlər görülür”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iki azyaşlı tərəfindən onlayn oyuna çoxsaylı oyunçu təşviq etmək üçün vərəqələr 25 məktəbliyə verilib: "Polis əməkdaşları tərəfindən bütün xüsuslar tam və hərtərəfli araşdırılıb və yoxlanılıb. İş üzrə əməldə ictimai təhlükəli hal aşkar olunmayıb, kriminal tərkib yoxdur".
Qeyd edək ki, məktəbliyə verildiyi iddia edilən kağızdakı işarələr Koreya istehsalı "Squid game" serialından götürülüb. "Netflix"də yayımlanan serialın uşaqlar və yeniyetmələr üçün təhlükələri ola biləcəyi barədə xəbərdarlıq edilib.