BAKI, 26 oktyabr. TELEQRAF
ABŞ administrasiyası Macarıstanın sabiq Baş naziri Viktor Orbanı BMT-nin baş katibi vəzifəsinə uyğun namizəd hesab edir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumatlı mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Vaşinqton Orbanın baş katib postu uğrunda mübarizəyə qoşulmasını istəyir. ABŞ rəsmiləri onun Rusiya və Çinin dəstəyini qazana biləcəyini düşünürlər.
Dövlət Departamentindəki mənbə bildirib ki, Orban BMT Təhlükəsizlik Şurasının 15 üzvündən 10-nun dəstəyini əldə edə bilər. Onlardan səkkizinin səsini qazanmaq isə ciddi çətinlik yaratmaya bilər.
Nəşr qeyd edir ki, əsas məsələ Böyük Britaniya və Fransanın digər üzvlərin mövqeyinə qarşı çıxıb-çıxmayacağıdır. Hər iki ölkə veto hüququndan istifadəyə adətən ehtiyatla yanaşır.
Dövlət Departamentinin nümayəndəsi həmçinin Orbanın ABŞ administrasiyasına uyğun ideoloji baxışlara malik olduğunu və mürəkkəb siyasi şəraitdə idarəçilik təcrübəsini vurğulayıb.
Qeyd edək ki, 2017-ci ildən BMT-yə rəhbərlik edən Antonio Quterreşin səlahiyyət müddəti dekabrın 31-də başa çatacaq. Yeni baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən təyin ediləcək.
Hazırda təşkilatın rəhbəri postuna namizədlərin seçilməsi prosesi davam edir. Orbanın adı isə BMT-nin rəsmi namizədlər siyahısında yer almır.