BAKI, 26 oktyabr. TELEQRAF
Braziliyada prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Luiz İnasiu Lula da Silva liderliyini möhkəmləndirir.
Teleqraf xəbər verir ki, bu barədə Braziliya Ali Seçki Məhkəməsi (TSE) məlumat yayıb.
Seçki protokollarının 60,85 faizinin işlənməsindən sonra Lula da Silva 50,55 faiz səslə öndədir.
Onun əsas rəqibi, sağçı müxalifətin namizədi Flaviu Bolsonaro isə ikinci yerdə qərarlaşıb.
Bundan əvvəl namizədlər arasındakı fərq cəmi 0,02 faiz bəndi təşkil edirdi. Səslərin hesablanmasının əvvəlki mərhələsində Bolsonaro müvəqqəti liderliyə yüksəlsə də, sonradan üstünlük yenidən Lula da Silvaya keçib.
Səslərin hesablanması davam edir.
03:16
***
Braziliyada prezident seçkilərinin ikinci turunda müxalifətin namizədi Flaviu Bolsonaro hazırkı Prezident Luiz İnasiu Lula da Silvanı geridə qoyaraq liderliyə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Braziliya Ali Seçki Məhkəməsinin (TSE) ilkin nəticələrinə istinadən məlumat yayılıb.
Seçki protokollarının 13,98 faizinin işlənməsindən sonra Bolsonaro 50,03 faiz (8 milyon 735 min 260 səs), Lula da Silva isə 49,97 faiz (8 milyon 723 min 419 səs) toplayıb.
Namizədlər arasındakı fərq 11 min 841 səs təşkil edir.
Qeyd edək ki, səslərin hesablanmasının ilkin mərhələsində Lula da Silva rəqibini 15 faiz bəndindən çox qabaqlayırdı. Lakin nəticələr yeniləndikcə Bolsonaro fərqi azaldaraq önə keçib.
Seçkilərin yekun nəticələri hələ açıqlanmayıb.
02:52
***
Braziliyada prezident seçkilərinin ikinci turunda səslərin hesablanması bərpa olunub.
Teleqraf xəbər verir ki, ölkənin Ali Seçki Məhkəməsi (TSE) səsvermənin ilkin nəticələrini yenidən dərc etməyə başlayıb.
Səslərin 1,56 faizinin hesablanmasından sonra hazırkı Prezident Luiz İnasiu Lula da Silva 52,16 faiz, onun rəqibi, müxalifətçi senator Flaviu Bolsonaro isə 47,84 faiz səs toplayıb.
Bundan əvvəl səslərin hesablanması bəzi seçki məntəqələrində səsvermə müddətinin iki saat uzadılması səbəbindən müvəqqəti dayandırılmışdı.
Buna güclü yağışlar və ictimai nəqliyyatın fəaliyyətində yaranan problemlər səbəb olub. Məsələ ilə bağlı Federal Polis araşdırmaya başlayıb.
Qeyd edək ki, prezident seçkilərinin qalibi 2027-ci il yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.