BAKI, 20 oktyabr. TELEQRAF
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin ölkəsinə qarşı həyata keçirdiyi siyasət nəticəsində beynəlxalq aləmdə ciddi təcridlə üzləşdiyini bəyan edib.
Teleqraf xəbər verir ki, Kuba lideri bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Dias-Kanel bildirib ki, Vaşinqtonun Kubaya qarşı tətbiq etdiyi iqtisadi təzyiqlər və məhdudiyyətlər beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənmir.
“ABŞ hökumətinin Kuba xalqına qarşı maksimum təzyiq və kollektiv cəzalandırma siyasəti nəticəsində beynəlxalq təcridi o qədər dərinləşib ki, hətta suveren dövlətlərə Kubaya ənənəvi dəstəkdən imtina etmələri üçün göstərilən güclü təzyiqlər də nəticə verməyib”, – o qeyd edib.
Kuba Prezidentinin sözlərinə görə, ABŞ öz siyasətinə haqq qazandırmaq üçün Birləşmiş Millətlər Təşkilatında xüsusi tədbir təşkil etməyə məcbur olub.
“Vaşinqton BMT-nin qayda və prosedurlarını pozaraq, hətta Baş Assambleyanın gündəliyinə məhəl qoymadan əsl tamaşa təşkil edib”, – Dias-Kanel vurğulayıb.
Söhbət oktyabrın 19-da BMT-də keçirilən “Azad Kuba: Havananın gizlətdiyi repressiyalar” adlı tədbirdən gedir. Tədbirdə iştirak edən fəallar Kuba hakimiyyətini ölkədəki ağır vəziyyətə görə ittiham edərək hökumət əleyhinə şüarlar səsləndiriblər.
Dias-Kanel həmin tədbirin iştirakçılarını sərt tənqid edərək ABŞ-nin Kubaya qarşı siyasətinin səmimi beynəlxalq dəstək qazanmadığını iddia edib.
Kubanın BMT-dəki daimi nümayəndəsi Ernesto Soberon Qusman da Vaşinqtonu təşkilatın qərargahından istifadə qaydalarını pozmaqda ittiham edib.
Diplomatın sözlərinə görə, ABŞ bu tədbirlə beynəlxalq ictimaiyyətin diqqətini Kubaya tətbiq edilən iqtisadi blokadanın nəticələrindən yayındırmağa çalışır.
O bildirib ki, tədbirin əsas məqsədlərindən biri BMT Baş Assambleyasında ABŞ-nin Kubaya qarşı blokadasının dayandırılmasına dair qətnamə layihəsinin müzakirəsinə təsir göstərməkdir.
Qeyd edək ki, qətnamə layihəsinin oktyabrın 27-28-də, artıq 34-cü dəfə müzakirəyə çıxarılması planlaşdırılır. Kuba tərəfi dövlətlərin böyük əksəriyyətinin yenidən sənədi dəstəkləyəcəyinə əmin olduğunu bildirir.