BAKI, 20 oktyabr. TELEQRAF
Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyası genişmiqyaslı kiberhücuma məruz qalıb. Nəticədə partiyaya məxsus yüz minlərlə elektron məktubun internetə sızdığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, naməlum hakerlər partiyanın elektron poçt sisteminə müdaxilə edərək böyük həcmdə məlumatı internetdə yayıblar.
İlkin ehtimallara əsasən, sızdırılan məlumat bazasında ümumi həcmi 281 giqabayt olan 421 179 elektron məktub yer alır.
Məktubların göndəriciləri arasında partiyanın həmsədri Alis Vaydel, fəxri sədri Aleksandr Qa uland və Bundestaq deputatı Leyf-Erik Holm kimi tanınmış siyasətçilərin adlarının olduğu iddia edilir.
Məlumatların bir hissəsinin məzmunu artıq xüsusi internet platformalarında süni intellekt vasitəsilə hazırlanmış qısa xülasələr şəklində təqdim olunub.
“Bild”in materialların məhdud hissəsini araşdıran mütəxəssisləri sızdırılan sənədlər arasında partiya üzvlərinin şəxsi məlumatlarını da aşkar ediblər.
Bunlara Bundestaqdakı AfD fraksiyası rəhbərinin müavini Markus Fronmayerin şəxsiyyət vəsiqəsinin fotoşəkilləri, maliyyə sənədləri, bank hesablarından çıxarışlar, diplomlar, partiyaya üzvlük ərizələri və Şimali Reyn-Vestfaliya əyalətindəki yerli təşkilatların üzv siyahıları daxildir.
Partiya nümayəndəsi kiberhücum faktını təsdiqləsə də, məlumat sızmasının miqyası barədə yekun məlumat verməyib.
“2026-cı ilin sentyabrında partiyamızın hostinq provayderinə haker hücumu olub. Görünür, əsasən uzun illər istifadə edilməyən bir neçə elektron poçt qutusundakı məlumatların bir hissəsi qanunsuz şəkildə kopyalanıb”, – partiya rəsmisi bildirib.
Onun sözlərinə görə, hücum qısa müddətdə dayandırılıb və təsirə məruz qalan bütün istifadəçilər məlumatlandırılıb. Partiyanın federal aparatının hazırda istifadə olunan elektron poçt hesablarına zərər dəyməyib.
Bununla belə, internetdə yayılan sənədlərin həqiqiliyi və onların məhz sözügedən kiberhücum zamanı ələ keçirilib-keçirilmədiyi hələlik təsdiqlənməyib.
Partiya elektron məktubların internetdə yayımlanması ilə bağlı məlumatları araşdırır.