BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ hakimiyyəti müvəqqəti qoruma statusunun müddətinin başa çatmasına baxmayaraq, 100 minə yaxın ukraynalı qaçqının ölkədə yaşamasına və işləməsinə hələlik icazə verəcək.
Teleqraf.az xəbər verir ki, bu barədə "CBS News" telekanalı ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, Ukrayna vətəndaşlarına verilən müvəqqəti qoruma statusunun müddəti oktyabrın 19-da başa çatmalıdır. Lakin nazirlikdən bildirilib ki, proqramın gələcəyi ilə bağlı yekun qərar müvafiq vaxtda qəbul ediləcək. Həmin qərar açıqlanana qədər ukraynalılar deportasiyadan qorunmaq hüququnu saxlayacaqlar.
ABŞ Prezidenti Donald Trampın administrasiyası müvəqqəti xarakter daşıyan bu proqramın dəfələrlə uzadılmasını tənqid edib. Son ilyarım ərzində Əfqanıstan, Haiti və Venesuela da daxil olmaqla, ondan çox ölkədən gəlmiş bir milyondan artıq miqrantın müvafiq statusuna xitam verilib.
Qeyd edək ki, 1990-cı ildə ABŞ Konqresi tərəfindən yaradılan proqram silahlı münaqişə, təbii fəlakət və digər böhranların yaşandığı ölkələrin vətəndaşlarına deportasiyadan müvəqqəti müdafiə və işləmək icazəsi verir. Ukrayna vətəndaşları bu proqramdan 2022-ci ilin yazından yararlanırlar.
“Politico” nəşrinin məlumatına görə, Vaşinqton statusun müddətinin başa çatmasına rəsmi ləğv qərarı vermədən imkan yarada bilər. Bu halda mövcud qaydalara əsasən qoruma statusunun daha altı ay avtomatik uzadılması mümkündür.