BAKI, 19 oktyabr. TELEQRAF
ABŞ və Yaponiya 57 mindən çox hərbçinin iştirakı ilə genişmiqyaslı “Keen Sword” birgə hərbi təlimlərinə başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi məlumat yayıb.
Oktyabrın 29-dək davam edəcək təlimlər Tayvan yaxınlığındakı ərazilərdən Yaponiyanın şimalındakı Hokkaydo adasına qədər geniş coğrafiyanı əhatə edəcək.
Manevrlərə Yaponiya tərəfindən 45 min, ABŞ tərəfindən isə təxminən 12 min hərbçi, 300-ə yaxın təyyarə, hərbi gəmilər və çoxsaylı quru texnikası cəlb olunacaq. Təlimlərdə Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha 7 ölkənin bölmələrinin iştirakı nəzərdə tutulur.
Təlimlər çərçivəsində Yaponiya ilk dəfə təxminən 1000 kilometr mənzilli yeni “Type-25” mobil raket sistemlərini nümayiş etdirəcək. ABŞ və Yaponiya hərbçiləri bu silahların hədəfə yönləndirilməsi və birgə tətbiqi üzrə məşqlər keçirəcəklər. Raketlərin real buraxılışı planlaşdırılmır.
ABŞ Silahlı Qüvvələri isə Tayvan yaxınlığındakı Yonaquni adasında ilk dəfə “NMESIS” gəmi əleyhinə raket komplekslərini və pilotsuz uçuş aparatları ilə mübarizə üçün nəzərdə tutulan “MADIS” mobil sistemlərini yerləşdirəcək.
Hokkaydo və Honşu adalarında ballistik raket hücumlarının və hava zərbələrinin dəf edilməsi, müxtəlif bölgələrdə isə hava və dəniz desantlarının çıxarılması, yaralıların təxliyəsi, kosmik və kiberhücumlara qarşı birgə əməliyyatlar məşq ediləcək.
Qeyd edək ki, “Keen Sword” təlimləri iki ildən bir keçirilir və ABŞ ilə Yaponiyanın hərbi əməkdaşlığının əsas istiqamətlərindən biri hesab olunur.