BAKI, 19 oktyabr. TELEQRAF
Litvada xaricdə yaşamaq və işləmək məqsədilə ölkəni tərk edən vətəndaşların sayının artdığı bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Litvanın LRT teleradio şirkəti ekspertlərin fikirlərinə istinadən məlumat yayıb.
“Luminor” bankının baş iqtisadçısı Jiqimantas Mauritsas bildirib ki, xaricə köçən vətəndaşların vətənə qayıtmaq ehtimalı zaman keçdikcə azalır.
“Zaman keçdikcə bu insanların Litvaya qayıtmaq ehtimalı azalır. Çünki onlar xaricdə dostluq əlaqələri qurur, ailə yaradırlar. Uşaqları yerli məktəblərə gedir, yeni sosial mühitə uyğunlaşırlar”, – iqtisadçı qeyd edib.
Litva Dövlət Məlumat Agentliyinin mütəxəssisi Vayva Randite bildirib ki, ölkə vətəndaşlarının köçmək üçün əsas üstünlük verdikləri istiqamətlər Böyük Britaniya, Almaniya və Norveçdir.
Qeyd edək ki, sovet dövrünün sonlarında Litvanın əhalisi təxminən 3,5 milyon nəfər olub.
Bununla belə, LRT-nin daha əvvəl açıqladığı rəsmi statistikaya əsasən, son altı ildə Litvaya qayıdan vətəndaşların sayı ölkədən gedənlərin sayını üstələyib. Belə ki, 2025-ci ildə 19 310 nəfər ölkəyə qayıdıb, 9 940 nəfər isə xaricə köçüb.