BAKI, 5 oktyabr. TELEQRAF
ABŞ Sahil Mühafizəsi Massaçusets ştatının Nantaket adası sahillərində itkin düşən tibbi təyinatlı təyyarənin 6 sərnişininin axtarışını dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin mətbuat xidməti məlumat yayıb.
“ABŞ Sahil Mühafizəsi Nantaket adası sahillərində itkin düşən tibbi nəqliyyat təyyarəsinin 6 sərnişininin axtarışını dayandırıb. Təyyarədə dörd Kanada vətəndaşı və iki Bermud adaları vətəndaşı olmaqla 6 sərnişin olub. Həlak olanların yaxınlarına məlumat verilib”, – açıqlamada bildirilib.
Məlumata görə, xilasetmə xidmətləri təxminən 66 saat ərzində ümumilikdə 7,1 min kilometrlik ərazidə axtarış aparıblar.
Bundan əvvəl ABŞ Sahil Mühafizəsi Nantaket adası yaxınlığında itkin düşən təyyarənin qalıqlarının aşkar edildiyini açıqlamışdı.
Tibbi aviasiyaya məxsus “Gulfstream G100” təyyarəsi ilə əlaqə şənbə günü yerli vaxtla saat 02:00-da kəsilib.