BAKI, 5 oktyabr. TELEQRAF
Avstriyanın vitse-kansleri və ölkənin Sosial-Demokrat Partiyasının (SPÖ) sədri Andreas Babler 2027-ci ilin əvvəlində hər iki vəzifədən istefa verməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ORF telekanalı Bablerin açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, Babler Mənzil Tikintisi, İncəsənət, Mədəniyyət, Media və İdman Nazirliyində nazir vəzifəsini saxlamaq niyyətindədir.
Siyasətçi ən azı 2026-cı ilin sonunadək vitse-kansler vəzifəsində qalmağı planlaşdırır. Bundan sonra bu postu Avstriyanın maliyyə naziri Markus Marterbauerin tutacağı gözlənilir.
2027-ci ilin əvvəlində Bablerin partiya rəhbərliyindəki vəzifəsini SPÖ-nün parlament fraksiyasının rəhbəri Filip Kuxer və qadın məsələləri, elm və tədqiqatlar naziri Eva-Mariya Holtslaytnerin əvəzləməsi planlaşdırılır. Partiyanın yeni rəhbərliyi ilə bağlı yekun qərarın SPÖ-nün qurultayında qəbul ediləcəyi bildirilir.
Babler istefa qərarını partiya rəhbərliyi ətrafında davam edən daxili müzakirələr fonunda könüllü şəkildə qəbul etdiyini bildirib. Onun sözlərinə görə, nəzərdə tutulan dəyişikliklər partiyada birliyin bərpasına xidmət etməlidir.
Son vaxtlar Avstriya mediası hakim koalisiyaya daxil olan sosial-demokratların populyarlığının kəskin azalması barədə məlumatlar yayıb. SPÖ mühafizəkar Avstriya Xalq Partiyası və liberal NEOS ilə birlikdə hakim koalisiyada təmsil olunur.
Son sorğulara əsasən, SPÖ-nün reytinqi 15-16 faiz civarındadır. Bu, 2024-cü il parlament seçkilərində əldə edilən nəticədən 5-6 faiz bəndi aşağıdır. Həmin seçkilərdə sosial-demokratlar səslərin 21,1 faizini toplayaraq tarixlərinin ən zəif nəticəsini göstəriblər.
Reytinqin azalması fonunda ORF-in keçmiş baş direktoru və media meneceri Gerhard Tsayler SPÖ-yə rəhbərlik etmək niyyətini açıq şəkildə bəyan edib. Bu açıqlama partiya rəhbərliyinin dəyişdirilməsi ilə bağlı müzakirələri yenidən intensivləşdirib.