BAKI, 5 oktyabr. TELEQRAF

Çində son bir il ərzində bankların sayı 670 ədəd və ya 18,6 faiz azalıb.

Teleqraf “Sinxua” agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Dövlət Maliyyə Tənzimlənməsi Administrasiyasının məlumatında bildirilib.

Qeyd olunur ki, bankların sayının azalması ölkədə həyata keçirilən maliyyə restrukturizasiyası siyasəti ilə bağlıdır.

Proqram çərçivəsində maliyyə risklərinin azaldılması və bazarın sağlamlaşdırılması məqsədilə kiçik və orta ölçülü kənd banklarının daha böyük maliyyə qurumları tərəfindən alınması, yenidən təşkili və birləşdirilməsi həyata keçirilir.

Məlumata görə, Çində kənd banklarının sayı təxminən 1 700-dən 1 000-dən aşağı səviyyəyə düşüb.

Çinin maliyyə tənzimləyiciləri qarşıdakı dövrdə də kənd banklarının sayının azaldılması prosesini davam etdirməyi planlaşdırırlar. Lakin “Sinxua”nın məlumatına görə, bundan sonra prosesin daha aşağı intensivliklə aparılması nəzərdə tutulur.