BAKI, 4 oktyabr. TELEQRAF
Konstantinos Tasulas Yunanıstanın Almaniyadan müharibə cinayətlərinə görə təzminat tələbinin qüvvədə qaldığını və bu ödənişlərin həyata keçirilməli olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Yunanıstan Prezidenti Konstantinos Tasulas 1943-cü ildə Almaniya işğalçı qüvvələrinin ölkənin Epir bölgəsində yerləşən Liqiadess kəndində törətdiyi qətliamın qurbanlarını anma mərasimində çıxış edib.
Tasulas bildirib ki, Yunanıstanın Almaniyadan hərbi təzminat tələbləri qüvvədədir, qanunidir və müddəti bitməyib. Onun sözlərinə görə, bu tələblərdən imtina edilə bilməz və onlar üzrə ödəniş tələb olunur.
Prezident qeyd edib ki, bu məsələ tarixi yaddaş və ədalətin bərqərar olması baxımından əhəmiyyət daşıyır.
1943-cü il oktyabrın 3-də Almaniyanın “Edelveys” diviziyasının hərbçiləri Liqiadess kəndini qarət edib və 86 sakinini, həmçinin qonşu Amfiteya kəndinin 3 sakinini edam edib. Həlak olanlar arasında 41 uşaq da olub.