BAKI, 5 oktyabr. TELEQRAF

Fransada yuxarı sinif şagirdlərinin genişmiqyaslı etiraz aksiyaları zamanı 24 təhsil müəssisəsi yandırılıb və ya dağıdılıb.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın milli təhsil naziri Eduar Joffre “France Inter” radiosunun efirində bildirib.

“Fransada təhsil müəssisələrinin yandırılması və ya dağıdılması ilə bağlı 24 fakt qeydə alınıb”, – nazir deyib.

Bundan əvvəl Joffre oktyabrın 2-də şagirdlərin davam edən etirazları səbəbindən ölkə üzrə 730-dan çox liseyin fəaliyyətinin pozulduğunu açıqlamışdı.

Məlumata görə, həftənin əvvəlindən Fransada yuxarı sinif şagirdlərinin keçirdiyi etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanları 5 mindən çox şəxsi saxlayıb.