BAKI, 5 oktyabr. TELEQRAF

Yəmən sahillərində neft tankerinin mümkün atəşə tutulması ilə bağlı insident qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarəti Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Yəmənin Moha şəhərindən 60 dəniz mili cənubda baş vermiş insident barədə məlumat alıb. Gəminin təhlükəsizliyinə cavabdeh şirkət nümayəndəsi bildirib ki, tanker heyəti gəminin bilavasitə yaxınlığında bir neçə partlayış müşahidə edib”, – mərkəzin açıqlamasında deyilir.

Mövcud məlumata görə, hadisə nəticəsində ekipaj üzvlərindən xəsarət alan olmayıb. Ətraf mühitə hər hansı zərərin dəyməsi də qeydə alınmayıb.

Tankerin adı və qeydiyyatda olduğu liman barədə məlumat verilməyib.