BAKI, 5 oktyabr. TELEQRAF
ABŞ təhlükəsizlik səbəbilə bütün B-1 strateji bombardmançılarını Böyük Britaniyadakı Feyrford aviabazasından çıxarıb.
Teleqraf “The Wall Street Journal”a istinadən xəbər verir ki, qərar aviabaza yaxınlığında baş verən insident və obyektə qarşı terror aktlarının hazırlanması ilə bağlı şübhələrdən sonra qəbul edilib.
Məlumata görə, Feyrford aviabazasında təxminən 10 ədəd B-1 bombardmançısı yerləşdirilmişdi. Təyyarələrin hamısı ABŞ-dakı bazalara köçürülüb və döyüş hazırlığını qoruyur.
Bundan əvvəl Böyük Britaniyada Feyrford aviabazası yaxınlığında terror aktı törətməkdə şübhəli bilinən 5 nəfərin saxlanıldığı bildirilmişdi. Qlosterşir qraflığının polisi aviabazanın yerləşdiyi ərazidə fövqəladə vəziyyət rejimi tətbiq etmişdi.
“Sky News”un məlumatına görə, Böyük Britaniyanın terrorla mübarizə polisi insidentdə İranın mümkün iştirakını da araşdırır.
Tehran isə Feyrford aviabazası yaxınlığında baş verən hadisə ilə hər hansı əlaqəsinin olması barədə iddiaları rədd edib.