BAKI, 18 avqust. TELEQRAF

ABŞ-nin Nevada ştatında məşhur reper Tupak Şakurun 1996-cı ildə qətlinin təşkilində ittiham olunan Dueyn Kit Devisin işi üzrə ilk məhkəmə iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə ilkin mənbə kimi “ABC News” telekanalı məlumat yayıb.

Məhkəmədə ittiham tərəfi bildirib ki, “South Side Compton Crips” bandasının keçmiş lideri olan Devis şəxsən atəş açmasa da, qardaşı oğlunun döyülməsinin qisasını almaq məqsədilə hücumu planlaşdırıb.

63 yaşlı Devis ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilmir.

Məhkəmə prosesinin təxminən bir ay davam edəcəyi gözlənilir. Devis təqsirli bilinərsə, onu ömürlük həbs cəzası gözləyə bilər.

2023-cü ildə Devisin evində axtarış aparılıb. Axtarış zamanı bir neçə kompüter, fotoşəkillərlə dolu qutular və Tupak Şakurla əlaqəli materiallar müsadirə edilib. Devis həmin ilin sonlarında həbs olunub.

Həbsindən sonra Devis Tupak Şakurun qətlinin sifarişçisi ilə bağlı diqqətçəkən iddia irəli sürüb. O, qətlin sifarişini məşhur prodüser Şon Con Kombsun – P. Diddy kimi tanınan reperin verdiyini iddia edib.

Qeyd edək ki, 1996-cı il sentyabrın 7-də Las-Veqasda 25 yaşlı Tupak Şakurun olduğu avtomobil atəşə tutulub. Ağır yaralanan reper sentyabrın 13-də xəstəxanada həyatını itirib.