BAKI, 18 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə edilməsində yaranan çətinliklərə görə məsuliyyəti Omanın üzərinə qoymağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, ABŞ administrasiyası daxilində Omanın İranla yaxınlaşmasına münasibətdə fikir ayrılığı yaranıb. Bəzi yüksəkvəzifəli rəsmilər Maskatla Tehran arasında əlaqələrin güclənməsinin münaqişənin diplomatik yolla həllinə kömək edə biləcəyini düşünürlər.

Bu rəsmilərin fikrincə, Tramp nüvə razılaşmasının əldə olunmamasına görə digər ölkələri günahlandıraraq Omanı faktiki olaraq “günah keçisi”nə çevirir.

Administrasiyadakı digər rəsmilər isə əks mövqedədirlər. Onlar Maskatı ikili oyun oynamaqda ittiham edir və Omanın fəaliyyətinin Vaşinqton üçün əlverişli sülh razılaşmasının əldə edilməsinə yönəlmiş səylərə mane olduğunu düşünürlər.

WSJ-nin məlumatına görə, Vaşinqtonda İran və Oman arasında mümkün razılaşmanın Tehranın Hörmüz boğazı üzərində nəzarət imkanlarını gücləndirə biləcəyindən də narahatdırlar.

Ağ Ev isə strateji əhəmiyyətli boğazda gəmiçiliyin tam şəkildə bərpa edilməsinə çalışır.

Bundan əvvəl Tramp Omanın mövqeyindən narazılığını açıq şəkildə ifadə edib. ABŞ Prezidenti Maskat İranla ABŞ arasında münaqişənin həllinə mane olacağı təqdirdə Omanı ağır hərbi zərbələrlə hədələyib.

Oman uzun illərdir ABŞ və İran arasında diplomatik vasitəçi rolunu oynayır və tərəflər arasında danışıqların təşkilində əsas kanallardan biri hesab olunur.