BAKI, 18 avqust. TELEQRAF

ABŞ və Kanada arasında aparılan ticarət danışıqlarında avtomobil sənayesi məhsullarına tətbiq olunan gömrük rüsumları əsas fikir ayrılıqlarından birinə çevrilib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Kanada hakimiyyəti ABŞ-yə ixrac olunan avtomobillərə tətbiq edilən rüsumların 10 faizə endirilməsinə çalışır. Ottawa alternativ variant kimi ABŞ istehsalı olan komponentlərdən istifadə edilən avtomobillər üçün mövcud güzəştlərin müddətinin uzadılmasını istəyir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası isə avtomobil idxalına tətbiq ediləcək rüsumların minimum 15 faiz səviyyəsində saxlanılmasında israr edir.

Kanada nümayəndə heyəti həftəsonu Vaşinqtonda danışıqlar aparıb. Ottavanın əsas məqsədi bu həftə qüvvəyə minə biləcək daha yüksək tariflərin qarşısını almaqdır.

ABŞ tərəfdən danışıqlarda ölkənin ticarət nümayəndəsi Ceymison Qrir və ticarət naziri Hovard Latnik də iştirak ediblər.

Xatırladaq ki, Tramp iyulun 21-də Ottavanın Amerika mallarına qarşı tətbiq etdiyi tədbirlərə cavab olaraq Kanada məhsullarına əlavə 50 faizlik idxal rüsumu tətbiq edilməsi barədə qərar verib.

Enerji daşıyıcıları, kalium, dəniz məhsulları və kritik minerallar yeni tariflərdən istisna edilib. Məhdudiyyətlərin avqustun 19-da qüvvəyə minəcəyi gözlənilir.

Kanadanın Baş naziri Mark Karni ölkəsinin ABŞ-nin yeni tariflərinə cavab verməyə hazır olduğunu, lakin rüsumlar qüvvəyə minənədək Ottawa tərəfindən hər hansı addım atılmayacağını bildirib.