BAKI, 18 avqust. TELEQRAF

İtaliyanın Liquriya bölgəsində bir qrup rahibə təxminən 80 ildir idarə etdikləri çimərlik klubunu əllərindən almaq istəyən yerli hakimiyyətə qarşı mübarizəyə başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Mübahisə Liquriyanın sahilyanı Spotorno şəhərində yerləşən “Bagni Gino Garrone” çimərliyinin 50 metrlik hissəsinin açıq tenderə çıxarılması qərarından sonra başlayıb. Yerli mətbuat yaranmış qarşıdurmanı hətta “müqəddəs müharibə” adlandırıb.

Çimərliyi “Suore di Carità di Santa Maria” dini ordeninin rahibələri 1946-cı ildən idarə edirlər. Onlar uzun illər standart kommersiya qaydalarından azad ediliblər, çünki çimərlikdən əldə olunan gəlir xeyriyyə məqsədlərinə sərf olunub.

Rahibələr burada çətir və şezlonqları icarəyə verməklə əldə etdikləri vəsait hesabına Spotornoda fəaliyyət göstərən uşaq məktəbini və yay düşərgəsini maliyyələşdirdiklərini bildirirlər.

Lakin sosial məqsədlər üçün istifadə edilən çimərliklərlə bağlı əvvəlki xüsusi qaydanın qüvvədən düşməsindən sonra vəziyyət dəyişib.

Spotorno meri Mattia Fiorini rahibələrə bildirib ki, ərazi bundan sonra “pulsuz təchiz olunmuş çimərlik” statusu alacaq. Rahibələr çimərliyi idarə etməyə davam etmək istəyirlərsə, digər namizədlər kimi açıq tenderdə iştirak etməlidirlər.

Qərar rahibələrin etirazına səbəb olub. 80 yaşlarında olan Miranda bacı ictimai müzakirə zamanı merə müraciət edərək çimərliyin onlardan alınmasına qarşı çıxıb:

“Bu, bizimdir. Bələdiyyə niyə çimərliyimizi əlimizdən almaq istəyir? Əgər bunu etsələr, məktəbi belə işlədə bilməyəcəyik”, – rahibə bildirib.

Rahibələr hesab edirlər ki, ərazi “pulsuz təchiz olunmuş çimərlik” kimi fəaliyyət göstərərsə, gəlirləri əhəmiyyətli dərəcədə azalacaq və xeyriyyə layihələrinin maliyyələşdirilməsi çətinləşəcək.

Mer isə mövqeyindən geri çəkilməyib.

“Əgər çimərliyi idarə etməyə davam etmək istəyirlərsə, hamı kimi tenderdə iştirak etməlidirlər”, – Mattia Fiorini bildirib.

Tenderin bu ilin payızında keçirilməsi nəzərdə tutulur.

“The Guardian” yazır ki, məsələ İtaliyada uzun illərdir davam edən çimərlik konsessiyaları mübahisəsinin bir hissəsidir. Avropa İttifaqının Bolkestein direktivinə uyğun olaraq, İtaliya mövcud özəl çimərlik konsessiyalarını 30 iyun 2027-ci ilədək açıq tenderə çıxarmalıdır.

İtaliyanın əvvəlki hökumətləri gəlirli çimərlik biznesini itirməkdən narahat olan konsessiya sahiblərinin təzyiqi fonunda təxminən 20 il bu tələblərin həyata keçirilməsinə müqavimət göstəriblər. Corca Meloni hökuməti isə Brüsselin təzyiqi və ölkə məhkəmələrinin qərarlarından sonra son tarixlə razılaşmalı olub.