BAKI, 18 avqust. TELEQRAF
Avropada ardıcıl güclü isti dalğaları və genişmiqyaslı quraqlıq kənd təsərrüfatına ciddi zərbə vurub. Fermerlər bir sıra ölkələrdə məhsuldarlığın kəskin azalması fonunda vəziyyəti “görünməmiş böhran” adlandırırlar.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” Fransa, İtaliya və İspaniyadakı fermer təşkilatları və rəsmi qurumların məlumatlarına istinadən yazıb.
Ən ağır vəziyyətlərdən biri Fransada müşahidə olunur. Ölkədə tərəvəz istehsalı əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Ayrı-ayrı məhsullar üzrə itkilərin balqabaqda 25, kahıda 35, noxudda 40, brokolidə 60 faiz olduğu bildirilir. Ənginar istehsalında isə bəzi təsərrüfatlarda itki 100 faizə çatıb.
Bretan bölgəsində 1300-dən çox tərəvəz istehsalçısını birləşdirən “Prince de Bretagne” vəziyyəti “tərəvəzçilik sektorunda tarixi böhran” adlandıraraq təcili tədbirlərin görülməsini istəyib.
Taxıl istehsalında da ciddi azalma gözlənilir. Fransa Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, ölkədə qarğıdalı istehsalı ötən illə müqayisədə 35 faiz azalaraq təxminən 9 milyon tona düşə bilər. Bu səviyyə sonuncu dəfə 1980-ci ildə qeydə alınıb.
İsti hava heyvandarlığa da təsirsiz ötüşməyib. Fransada bir sıra təsərrüfatlarda süd istehsalının 10-15 faiz azaldığı bildirilir. Qış ayları üçün nəzərdə tutulan heyvan yeminin istehsalı isə 1989-2018-ci illərin orta göstəricisindən təxminən 30 faiz aşağıdır.
İyun ayında anomal istilər quşçuluq təsərrüfatlarında ölüm hallarını artırıb. Nəticədə Fransada gündəlik yumurta istehsalı adi göstəricidən təxminən 1 milyon ədəd azdır.
İtaliyada da vəziyyət ağırdır. Ölkənin ən böyük fermer təşkilatı “Coldiretti”nin məlumatına görə, əkinçilik ərazilərinin təxminən 60 faizi müxtəlif dərəcəli quraqlığın təsiri altındadır.
Qarğıdalı, düyü, soya, tərəvəz və meyvə istehsalına ciddi ziyan dəyib, süd istehsalı isə 20 faiz azalıb. Quraqlıq, meşə yanğınları və güclü fırtınalar da nəzərə alınmaqla, İtaliya kənd təsərrüfatına dəyən ümumi zərərin 3 milyard avronu keçdiyi bildirilir.
Xüsusilə ölkənin kənd təsərrüfatının əsas mərkəzlərindən olan Po vadisində vəziyyət kritik qiymətləndirilir. İtaliya düyüsünün təxminən 80 faizi burada istehsal olunur. Su çatışmazlığı fermerləri düyü sahələrini yalnız növbəli həftələrdə suvarmağa məcbur edib.
İspaniyada isə taxıl məhsulu Kastiliya və Leonda ötən illə müqayisədə 35 faiz, Madrid bölgəsində 49 faiz, Əndəlüsdə 24 faiz azalıb. Qoyun südü istehsalında 6,5, keçi südündə isə 10,8 faiz azalma qeydə alınıb.
Ölkənin Milli Şərab Federasiyası 2026-cı ildə şərab istehsalının 20 faiz azalacağını proqnozlaşdırır. Federasiyanın direktoru Xose Luis Benites bildirib ki, davamlı istilər və su çatışmazlığı üzüm gilələrinin daha kiçik olmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur.
Avropa hökumətləri kənd təsərrüfatı sektoruna dəstək üçün əlavə maliyyə paketləri hazırlayırlar. Fransanın Baş naziri Sebastyan Lekornü fermerlərə təcili yardım üçün 145 milyon avro ayrılacağını, 2027-ci ilin büdcəsində isə əlavə struktur dəstəyi və investisiya tədbirlərinin nəzərdə tutulacağını açıqlayıb.