BAKI, 18 avqust. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi ölkənin 30 elmi və təhsil müəssisəsinə Rusiya, Çin və İranın daha əvvəl qara siyahıya salınmış təşkilatları ilə əlaqələrini yoxlamağı və bu barədə hesabat təqdim etməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı rəsmi açıqlamada bildirilib.
Məlumata görə, nazirlik 30 Amerika elmi və təhsil müəssisəsinə rəsmi bildiriş göndərərək onlardan narahatlıq doğuran xarici strukturlarla akademik, maliyyə və elmi əlaqələrinin dərhal hərtərəfli yoxlanılmasını tələb edib.
Bildirilib ki, sözügedən müəssisələr gələcəkdə elmi tədqiqatlar üçün federal maliyyə almaq hüququnu qorumaq istəyirlərsə, xarici tərəfdaşlarla müəyyən edilmiş bütün əməkdaşlıq hallarını nəzərdən keçirməlidirlər.
Qurumlardan, həmçinin məxfi və ya ixrac nəzarəti tədbirlərinin tətbiq olunduğu tədqiqatlarla bağlı mümkün riskləri qiymətləndirmək tələb edilib. Riskli hesab edilən tərəfdaşlıqlara son qoyulması da daxil olmaqla sərt tədbirlərin görülməsi tapşırılıb.
Pentaqon həmin müəssisələrdən görülmüş tədbirlər barədə avqustun 31-dək məlumat vermələrini istəyib. Bildiriş göndərilən 30 Amerika elmi və təhsil müəssisəsinin adları açıqlanmayıb.
Nazirliyin iddiasına görə, söhbət ABŞ texnologiyalarının “icazəsiz ötürülməsi” ilə məşğul olan Rusiya, Çin və İran strukturları ilə mümkün əlaqələrdən gedir.
Pentaqon bu təşkilatların yenilənmiş siyahısını iyulda açıqlayıb. Siyahıya Rusiyanın 32 elmi-tədqiqat institutu və universiteti də daxil edilib.
Qərar Pentaqonun qara siyahıya daxil etdiyi həmin təşkilatlarla elmi-tədqiqat sahəsində əməkdaşlıq etməyəcəyini nəzərdə tutur.