BAKI, 18 avqust. TELEQRAF
Çinin ABŞ dövlət istiqrazlarına yatırımlarının həcmi son bir ildə təxminən 100 milyard dollar azalıb.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlarda bildirilib.
Rəsmi statistikaya əsasən, Çinin ABŞ dövlət qiymətli kağızlarına yatırımlarının həcmi 2025-ci ilin iyununda 731,4 milyard dollar olduğu halda, 2026-cı ilin iyununda 633,4 milyard dollara düşüb. Beləliklə, bir il ərzində azalma 98 milyard dollar təşkil edib.
Çin uzun müddət ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahiblərindən biri olub. 2019-cu ilin fevralında Pekinin bu istiqamətdə yatırımlarının həcmi 1,13 trilyon dollara çatmışdı.
2019-cu ilin iyununda isə Yaponiya bu göstərici üzrə Çini geridə qoyub. Həmin dövrdə Yaponiyanın ABŞ dövlət istiqrazlarına yatırımları 1,12 trilyon, Çinin yatırımları isə 1,11 trilyon dollar təşkil edib. Yaponiya o vaxtdan etibarən bu göstərici üzrə birinci yerdədir.
Çin təxminən 2021-ci ilin sonlarından ABŞ dövlət borcuna yatırımlarını ardıcıl şəkildə azaltmağa başlayıb.
Belə ki, Çinin ABŞ dövlət qiymətli kağızlarına yatırımları 2021-ci ilin dekabrında 1,07 trilyon dollar, 2022-ci ilin dekabrında 867,1 milyard dollar, 2023-cü ilin dekabrında 816 milyard dollar, 2024-cü ilin dekabrında 759 milyard dollar olub.
2025-ci ilin dekabrında göstərici 683,5 milyard dollara, 2026-cı ilin iyununda isə 633,4 milyard dollara qədər azalıb.