BAKI, 18 avqust. TELEQRAF

Ukrayna hökuməti 2026-2027-ci illərdə beynəlxalq tərəfdaşlardan ümumilikdə 101 milyard dollar maliyyə dəstəyi cəlb etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin Ali Radaya təqdim etdiyi fəaliyyət proqramı layihəsində bildirilib.

Sənədə əsasən, Kiyev 2026-cı ildə təxminən 49 milyard, 2027-ci ildə isə 52 milyard dollar həcmində beynəlxalq maliyyə yardımı almağı qarşıya məqsəd qoyub.

Maliyyənin əsasən Avropa İttifaqı, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və digər tərəfdaşlardan cəlb olunması nəzərdə tutulur. Vəsaitlərin dövlət büdcəsinin maliyyələşdirilməsinə yönəldilməsi planlaşdırılır.

Hökumətin proqramında Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətlə təminatı da əsas hədəflərdən biri kimi göstərilib. Kabinet səfərbərlik mexanizmlərinin və hərbi uçot sisteminin təkmilləşdirilməsi hesabına 2027-ci ildə ordunun şəxsi heyətlə komplektləşdirilməsini 100 faizə çatdırmağı planlaşdırır.

Bundan başqa, əhalinin “milli müqavimət” sistemi vasitəsilə hərbi xidmətə hazırlanması nəzərdə tutulur. Plana görə, 2027-ci ilədək hər il 60 min nəfər xüsusi hazırlıq mərkəzlərində təlim keçməlidir.

Sənəddə Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnika ilə təminatı üçün Avropa İttifaqından ayrıca ən azı 60 milyard avro kredit cəlb edilməsi də nəzərdə tutulub.

Ümumilikdə 76 səhifədən ibarət proqramda müxtəlif sahələri əhatə edən 90-a yaxın əməliyyat məqsədi yer alıb. Hökumət 2026-2027-ci illərdə əhalinin Ukrayna dilində məzmun istehlakını 10 faiz artırmağı da planlaşdırır.

Ali Radanın saytındakı məlumata görə, sənəd artıq parlamentin müvafiq komitəsinə göndərilib.

Ukraynanın Baş naziri Sergey Koretski proqramın parlamentdə mümkün qədər tez təsdiqlənəcəyinə ümid etdiyini bildirib.

Deputat Yaroslav Jeleznyak isə qeyd edib ki, proqram təsdiqlənərsə, qanunvericiliyə əsasən, Ali Rada bir il ərzində hökuməti istefaya göndərə bilməyəcək. Onun sözlərinə görə, sənəd qəbul edilərsə, hökumətin fəaliyyət proqramı 2019-cu ildən bəri ilk dəfə parlament tərəfindən təsdiqlənmiş olacaq.