BAKI, 18 avqust. TELEQRAF

Rusiyalı olimpiya çempionları Aleksandr Popov və David Belyavski Ukraynanın “Mirotvorets” resursunun məlumat bazasına daxil ediliblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumat “Mirotvorets”in saytında yer alıb.

Resursun müəllifləri dördqat olimpiya çempionu, üzgüçü Aleksandr Popov və idman gimnastikası üzrə olimpiya çempionu David Belyavskini Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyət göstərməkdə, eləcə də Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatları dəstəkləməkdə ittiham edirlər.

54 yaşlı Aleksandr Popov dünya üzgüçülüyünün ən titullu idmançılarından biridir. O, Olimpiya Oyunlarında 50 və 100 metr məsafəyə sərbəst üsulla üzmədə dörd qızıl medal qazanıb. Popovun aktivində, həmçinin beş olimpiya gümüşü, altı dünya və 21 Avropa çempionluğu var.

34 yaşlı David Belyavski isə 2021-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarında komanda yarışının qalibi olub. O, 2016-cı il Rio-de-Janeyro Olimpiadasında da gümüş və bürünc medal qazanıb. Gimnast 2019-cu il dünya çempionu və yeddiqat Avropa çempionudur.