BAKI, 18 avqust. TELEQRAF
Rusiyanın ABŞ dövlət istiqrazlarına yatırımlarının həcmi 2026-cı ilin iyununda 29 milyon dollardan 27 milyon dollara enib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqladığı məlumatlarda bildirilib.
Məlumata görə, iyunda Rusiyaya aid yatırımların 23 milyon dolları uzunmüddətli, 4 milyon dolları isə qısamüddətli ABŞ dövlət istiqrazlarının payına düşüb.
May ayında Rusiyanın ABŞ dövlət qiymətli kağızlarına yatırımlarının ümumi həcmi 29 milyon dollar təşkil edib. Bunun 26 milyon dolları uzunmüddətli, 3 milyon dolları qısamüddətli istiqrazlar olub.
Apreldə göstərici 26 milyon, martda isə 25 milyon dollar səviyyəsində qeydə alınıb.
Rusiyanın ABŞ dövlət borcuna yatırımları 2018-ci ilin yazından etibarən kəskin şəkildə azalmağa başlayıb. Həmin ilin aprelində yatırımların həcmi 96 milyard dollardan 48,7 milyard dollara, mayda isə 14,9 milyard dollara düşüb.
Rusiya Mərkəzi Bankı daha əvvəl bildirmişdi ki, ABŞ Xəzinədarlığının istiqrazlarına sahib deyil və onları almır. ABŞ dövlət qiymətli kağızlarını özəl şəxslər, şirkətlər və korporativ investorlar banklar, brokerlər və dilerlər vasitəsilə əldə edə bilərlər.
2026-cı ilin iyununda ABŞ dövlət istiqrazlarının ən böyük xarici sahibi Yaponiya olaraq qalıb. Yaponiyanın yatırımları təxminən 1,16 trilyon dollar təşkil edib.
İkinci yerdə 939,9 milyard dollarla Böyük Britaniya, üçüncü yerdə isə 633,4 milyard dollarla Çin qərarlaşıb.