BAKI, 18 avqust. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə edilib.
Ərdoğan İran və ABŞ arasında artan gərginlik fonunda diplomatik imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Türkiyə lideri Ankara rəhbərliyinin tərəflər arasında danışıqların davam etdirilməsini istədiyini və sülh səylərinə dəstək verməyə davam edəcəyini bildirib.
Liderlər Qəzza zolağındakı son vəziyyət və sülh prosesini də müzakirə ediblər.
Ərdoğan Qəzzada sülh prosesinin ikinci mərhələsinə keçidin hədəfləndiyi bir vaxtda İsrail rəhbərliyinin fələstinlilərə qarşı fəaliyyətlərinin artdığına diqqət çəkib.
Türkiyə Prezidenti ölkəsinin regionda davamlı sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Ərdoğan, həmçinin Qəzzanın yenidən qurulması istiqamətində atılacaq addımlara Türkiyənin dəstəyinin davam edəcəyini bildirib.