BAKI, 18 avqust. TELEQRAF
ABŞ və İsrail Qəzza zolağında razılaşmaların pozulması hallarını izləmək və gərginliyin yenidən artmasının qarşısını almaq üçün xüsusi mexanizm yaratmaq niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə ilkin mənbə kimi “Axios” portalı məlumat yayıb.
Məlumata görə, razılıq ABŞ Prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında Qüdsdə keçirilən dörd saatlıq görüş zamanı əldə olunub.
Yeni mexanizmin yaradılmasında Misir tərəfinin də iştirak edəcəyi bildirilir. Mexanizm İsrailin HƏMAS-ın mümkün fəaliyyətləri ilə bağlı təhlükəsizlik narahatlıqlarını nəzərə alacaq. İsrail HƏMAS-ın potensial təhlükə yarada biləcək addımlar atdığını müəyyən edərsə, məsələ sözügedən mexanizm vasitəsilə qarşı tərəfə çatdırılacaq.
“Axios”un ABŞ administrasiyasındakı mənbəsinin sözlərinə görə, tərəflər qarşılıqlı etimada əsaslanmaq əvəzinə, konkret addımların icrasını izləməyə çalışırlar.
Görüşdə Netanyahu Qəzza zolağındakı humanitar vəziyyətin yaxşılaşdırılması, xüsusilə su təchizatı və sanitariya sahəsində tədbirlərin görülməsi ilə bağlı öhdəlik götürüb.
Kuşner və Netanyahu, həmçinin iki işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Qruplardan biri Qəzzanın demilitarizasiyası, digəri isə bölgədəki humanitar vəziyyətlə məşğul olacaq.
ABŞ tərəfinin planına əsasən, HƏMAS silahlarını Fələstinin texnokrat hökumətinə təhvil verməli, həmin silahlar daha sonra məhv edilməsi üçün Beynəlxalq Sabitləşdirmə Qüvvələrinə ötürülməlidir. Vaşinqton HƏMAS-ın silahları təhvil verməyə başlamasını prosesin irəlilədiyini göstərən ilk real əlamətlərdən biri hesab edir.
Portal qeyd edir ki, İsraildə oktyabrda keçiriləcək seçkilər ərəfəsində yaranmış siyasi vəziyyət danışıqları daha da mürəkkəbləşdirir. Müxalifət Netanyahunu Qəzza məsələsində güzəştlərə getməkdə tənqid edir. Bu səbəbdən İsrail hökumətinin seçkilər öncəsi ciddi güzəştlərə razılıq vermək istəmədiyi bildirilir.
“Axios”un məlumatına görə, danışıqlar Vaşinqtonla Təl-Əviv arasında Qəzza məsələsi ilə bağlı fikir ayrılıqlarının hələ də qaldığını və yaxın perspektivdə prosesdə irəliləyiş əldə etməyin mürəkkəb olacağını göstərib.