BAKI, 31 may. TELEQRAF
ABŞ və Çinin üzvlük haqları üzrə ödənişləri dayandırması fonunda Birləşmiş Millətlər Təşkilatı (BMT) ciddi maliyyə çətinlikləri ilə üzləşib və təşkilatı maliyyə çöküşü təhlükəsi gözləyir.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, BMT-nin Baş katibi Antonio Quterreş çıxışlarında təşkilatın sürətlə maliyyə böhranına yaxınlaşdığı barədə xəbərdarlıq edib və "maliyyə kollapsının real perspektivindən" danışıb.
Məlumata əsasən, hazırkı büdcə tendensiyası davam edərsə, BMT-nin maliyyə resursları 2026-cı ilin avqust ayının ortalarına qədər tükənə bilər.
Qəzet qeyd edir ki, təşkilatın büdcə kəsiri bir sıra ölkələrin üzvlük haqlarını ödəməməsi nəticəsində yaranıb. Bu ölkələr arasında ABŞ də var və Vaşinqtonun BMT qarşısında borcunun 4 milyard dollardan çox olduğu bildirilir.
Mövcud vəziyyət BMT-ni xərclərin azaldılması və qənaət tədbirlərinin həyata keçirilməsi istiqamətində addımlar atmağa məcbur edir.