BAKI, 13 aprel. TELEQRAF
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yeni nəsil yüksək dəqiqlikli PrSM raketlərinin alınmasına ayrılan vəsaiti əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu məqsədlə 2027-ci maliyyə ilində 1,92 milyard dollar xərclənməsi nəzərdə tutulur. Müqayisə üçün qeyd olunur ki, cari ildə bu istiqamətə cəmi 546 milyon dollar ayrılıb.
Məlumata görə, PrSM raketləri köhnəlməkdə olan ATACMS sistemlərini əvəz etmək üçün hazırlanıb və daha yüksək dəqiqlik və uzaq məsafədən zərbə imkanı ilə seçilir.
Bildirilir ki, ABŞ ordusu bu raketlərdən ilk dəfə təxminən bir ay əvvəl İrana qarşı əməliyyat zamanı istifadə edib.
Qeyd edək ki, mart ayının sonunda Pentaqon və Lockheed Martin şirkəti PrSM raketlərinin istehsalının bir neçə dəfə artırılması ilə bağlı razılaşma imzalayıb.