BAKI, 12 aprel. TELEQRAF
Böyük Britaniyada fermerlər yanacaq qiymətlərinin kəskin artmasına görə genişmiqyaslı etiraz aksiyaları keçirmək imkanını nəzərdən keçirirlər.
Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.
Məlumata görə, ölkədə fermer birlikləri gələn həftə keçiriləcək iclasda mümkün etiraz aksiyalarını müzakirə edəcək. Narazılığın əsas səbəbi yanacaq qiymətlərinin son aylarda kəskin artmasıdır.
Qeyd olunur ki, bəzi fermerlər qonşu İrlandiyada baş verən etirazlardan nümunə götürməyi istisna etmir. Orada etirazçılar beş gün ərzində yanacaqdoldurma infrastrukturlarını bloklayaraq ciddi böhran yaratmışdılar və nəticədə ölkə üzrə yüzlərlə yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayanmışdı.
Məlumata əsasən, Böyük Britaniyada artıq 50-dən çox yanacaqdoldurma məntəqəsində dizel qiyməti 2 funt sterlinq həddini keçib.
Benzinin orta qiyməti litrə görə 1,58 funt, dizelin isə 1,91 funt səviyyəsinə yüksəlib.