BAKI, 12 aprel. TELEQRAF

İran ABŞ ilə ortaq mövqe formalaşmadan Hörmüz boğazının statusunu dəyişməyi planlaşdırmır və bu məsələ danışıqların əsas şərtlərindən biri olaraq qalır.

Teleqraf xəbər verir ki, bu barədə CNN İran mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazı ilə bağlı qərar yalnız Tehran və Vaşinqton arasında ümumi mövqe formalaşdıqdan sonra dəyişə bilər. Mənbə bildirib ki, İran tələsmir və razılaşma əldə olunana qədər boğazın statusu dəyişməz qalacaq.

“İran tələsmir. Ümumi əsas əldə olunana qədər Hörmüz boğazının statusu dəyişməyəcək və hətta razılaşdırılmış sayda gəmi belə keçə bilməyəcək”, - deyə mənbə qeyd edib.

Eyni zamanda vurğulanıb ki, ABŞ tərəfinin bəzi məsələlər üzrə həddindən artıq tələbləri danışıqların baza prinsipləri üzrə razılaşmanın əldə olunmasına mane olur. Mənbə xəbərdarlıq edib ki, əgər ABŞ nümayəndələri realist mövqe tutmasa, boğaz bağlı qala bilər və bu vəziyyət Vaşinqton üçün mənfi nəticələr doğura bilər.

Qeyd edək ki, Hörmüz boğazı qlobal enerji daşımaları baxımından strateji əhəmiyyətə malik əsas dəniz yollarından biridir və burada yaranan gərginlik beynəlxalq bazarlara ciddi təsir göstərir.