BAKI, 30 mart. TELEQRAF

Böyük Britaniya hökuməti İsrailin Livanın cənubunda təhlükəsizlik zonasını genişləndirmək planları ilə bağlı ciddi narahatlıq ifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər nazirinin müavini Həmiş Falkoner açıqlama verib.

O bildirib ki, İsrailin Livanda quru əməliyyatlarını genişləndirmək niyyəti regionda vəziyyəti daha da gərginləşdirə bilər. Falkoner qeyd edib ki, artıq 1 milyondan çox insanın məcburi köçkün vəziyyətinə düşdüyü bu münaqişədə gərginliyin artmasının qarşısı alınmalıdır.

Diplomat İsraili münaqişəni daha da dərinləşdirə biləcək addımlardan çəkinməyə və Livan ərazisinin ələ keçirilməsi ilə bağlı hər hansı hərəkətlərdən imtina etməyə çağırıb.