BAKI, 28 mart. TELEQRAF

İki gündür aramsız yağan yağışlar Dağıstanda bir sıra fəsadlara səbəb olub.

Teleqraf TASS-a istinadən xəbər verir ki, respublika ərazisində fövqəladə vəziyyət elan edilib. Bu barədə vilayət rəhbərliyi özünün Telegram kanalında məlumat verib .

Dağıstanda yağan güclü yağışlar genişmiqyaslı elektrik və su kəsintilərinə, daşqınlara və nəqliyyatda fasilələrə səbəb olub. Mahaçqala və Dərbənddə su basmış evlərdən 100-dən çox insan təxliyə edilib. Ümumilikdə, bir neçə rayonda 320 mindən çox insan elektriksiz qalıb. Güclü yağışlar və çay səviyyəsinin yüksəlməsi körpüləri və yolları yuyub aparıb, Xasavyurtda dəmir yolu körpüsü uçub. Dağıstan qubernatoru Sergey Melikovun sözlərinə görə, faktiki hava şəraiti ən pessimist proqnozları aşıb.