BAKI, 27 mart. TELEQRAF
ABŞ Senatının üzvləri demokrat Cin Şahin və respublikaçı Tom Tillis Macarıstanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, sənəd Ukrayna üçün hərbi kreditin ayrılmasına mane olan Macarıstan rəsmilərini əhatə edir. Layihə qəbul olunarsa, ABŞ Macarıstana qarşı maliyyə sanksiyaları tətbiq edə və Kiyevə dəstəyin dayandırılmasını müdafiə edən yüksək vəzifəli Macarıstan rəsmilərinə viza verilməsini qadağan edə bilər.
“Əgər biz Ukraynadakı münaqişəyə son qoymaq istəyiriksə, Tramp administrasiyası müttəfiqlərimizə eyni standartları ardıcıl şəkildə tətbiq etməlidir. Heç kim, xüsusilə də Macarıstanın Baş naziri Viktor Orban, güzəşt əldə etməməlidir”, – deyə Şahin bildirib.
Qeyd edək ki, qanun layihəsində Orban sanksiya hədəfi kimi göstərilmir. Hansı şəxslərin Ukraynaya yardımın gecikdirilməsinə görə məsuliyyət daşıdığı barədə qərarın ABŞ administrasiyası tərəfindən veriləcəyi bildirilir.