BAKI, 13 mart. TELEQRAF

Rusiya Ədliyyə Nazirliyi jurnalist Sergey Rezniki və Sov.İKP MK-nın keçmiş birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovun nəticəsi Nina Xruşşovanı xarici agentlər siyahısına əlavə edib.

Teleqraf xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyinin veb saytında yer alan məlumata görə, N. L. Xruşşova Rusiya Federasiyasının dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət barədə yalan məlumatlar yayıb.

"O, Ukraynadakı xüsusi hərbi əməliyyata qarşı çıxıb. O, geniş ictimaiyyət üçün xarici agent hesabatlarının və materiallarının hazırlanmasında, xarici mənbə tərəfindən təqdim edilən informasiya platformasında respondent kimi iştirak edib" - məlumatda qeyd olunur.

Nina Lvovna Xruşşova 30 ildən çoxdur ki, ABŞ-də yaşayan və orada akademik karyerası davam etdirən rus əsilli amerikalı politoloqdur. 2026-cı ilin fevral ayında o, Krımın Ukraynanın bir hissəsi olduğunu elan edib və yarımadanın verilməsini Ukraynanı Rusiyaya bağlamaq üçün "idarəetmə qərarı" adlandırıb.