BAKI, 24 fevral. TELEQRAF

İran ABŞ ilə nüvə dosyesi üzrə keçiriləcək növbəti danışıqlar raundunda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin iştirak imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai açıqlama verib.

Onun sözlərinə görə, Qrossinin növbəti raundda iştirakı məsələsi hazırda müzakirə olunur. Diplomat bildirib ki, hələlik bu mövzu ilə bağlı qəti cavab vermək mümkün deyil, lakin əvvəlki raundda da AEBA rəhbəri müəyyən rol oynayıb.

İsmayıl Bəqai ABŞ-nin 2025-ci ilin iyununda endirdiyi zərbələr nəticəsində zərər görmüş nüvə obyektlərinə AEBA müfəttişlərinin mümkün səfəri məsələsinə də münasibət bildirib. O qeyd edib ki, bu məsələ parlament tərəfindən qəbul edilmiş qanun da daxil olmaqla bütün hüquqi və prosedur aspektlər nəzərə alınmaqla hazırlanmalı olan xüsusi mexanizmin razılaşdırılmasını tələb edir. Diplomatın sözlərinə görə, hazırda tərəflər hələ bu mərhələdə deyillər, lakin İranın agentliklə əməkdaşlığı çərçivəsində mütəmadi təmaslar və mübadilələr davam edir.

Xatırladaq ki, yanvar ayında ABŞ İrana qarşı güc tətbiqi ehtimalını ciddi şəkildə nəzərdən keçirdiyini bəyan etmişdi. Vaşinqton Tehranın danışıqlar masasına əyləşəcəyinə və nüvə silahından tam imtinanı nəzərdə tutan “ədalətli və bərabərhüquqlu” razılaşma imzalayacağına ümid etdiyini bildirmişdi. İran hakimiyyəti isə dəfələrlə atom bombası yaratmaq niyyətində olmadığını vurğulayıb.

Fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə dosyesi üzrə danışıqların ikinci raundu keçirilib. İran XİN tərəflər arasında gələcək saziş layihəsinə daxil edilə biləcək bir sıra məsələlər üzrə qarşılıqlı anlaşmanın əldə olunduğunu açıqlayıb. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini desə də, Tehranın Ağ evdə səsləndirilən bəzi mövqeləri hələlik qəbul etmədiyini bildirib. ABŞ və İsrail daha əvvəl İranın təkcə nüvə proqramından deyil, həm də ballistik raketlərin istehsalından və Yaxın Şərqdə proiran qüvvələrinə dəstəkdən imtina etməsində israr ediblər. Reuters agentliyinin məlumatına görə, ABŞ və İran nümayəndə heyətləri arasında növbəti görüş fevralın 26-da Cenevrədə keçiriləcək.