BAKI, 22 fevral. TELEQRAF
ABŞ kəşfiyyat orqanları hesab edir ki, Çin nüvə arsenalının modernləşdirilməsi çərçivəsində yeni nəsil nüvə silahı üzərində işləyir və artıq azı bir sınaq həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Mənbələrin iddiasına görə, Pekin nüvə arsenalına yatırdığı investisiyalar sayəsində hazırda dominant nüvə dövlətlərinin heç birində olmayan texniki imkanlar əldə edə bilər. Bildirilir ki, Çin 2020-ci ilin iyununda ölkənin şimal-qərbində yerləşən Lop Nur poliqonunda sınaq keçirib və bununla da 1996-cı ildə tətbiq olunan moratoriumu pozmuş ola bilər.
ABŞ kəşfiyyatının qənaətinə görə, sınaq Çinin yeni nəsil nüvə silahı yaratmaq istəyi ilə əlaqəli olub. CNN həmçinin ehtimal edir ki, Çin daha əvvəl istehsal etmədiyi aşağı güclü taktiki nüvə silahı üzərində də işləyə bilər.