BAKI, 22 fevral. TELEQRAF
İrlandiya yaxın vaxtlarda Fransanın "KNDS France" şirkətindən yüzlərlə zirehli maşın almağı planlaşdırır, sifarişin ümumi dəyəri 1 milyard avronu ötə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "La Tribune Dimanche" qəzeti məlumat yayıb.
Məlumata görə, sifariş Fransanın "KNDS France" şirkətinin istehsalı olan “Jaguar” kəşfiyyat-döyüş maşınlarını, “Serval” çoxməqsədli yüngül zirehli avtomobillərini, “Griffon” zirehli transportyorlarını və “Caesar” özüyeriyən artilleriya qurğularını əhatə edə bilər. Müqavilənin Fransanın silahlı qüvvələr naziri Katrin Votrenin Dublinə planlaşdırılan səfəri zamanı imzalanması mümkündür. Səfərin martın sonu və ya aprelin əvvəlində baş tutacağı bildirilir.
Qəzet qeyd edir ki, İrlandiya indiyədək Fransa müdafiə sənayesinin iri müştərilərindən olmayıb. 2015-2024-cü illərdə ölkə Fransadan cəmi 53,1 milyon avro dəyərində silah sifariş edib.