BAKI, 17 fevral. TELEQRAF

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusla Rusiyanı bir-birindən ayıra biləcək heç bir qüvvənin olmadığını bildirib.

Teleqraf xəbər verir ki, "RİA Novosti"nin məlumatına görə, Lukaşenko bu fikri İttifaq Dövləti dövlət katibi Sergey Qlazyev ilə görüşü zamanı səsləndirib.

“Bəziləri deyir ki, guya kimsə Belarusu Rusiyadan ayırmağa çalışır. Mən bunu hətta şərh də etmək istəmirəm. Yalnız bir şeyi deyim: Belarusu Rusiyadan və Rusiyanı Belarusdan ayıra biləcək elə bir qüvvə yoxdur”, - deyə Belarus lideri bildirib.

Qeyd edək ki, daha əvvəl Aleksandr Lukaşenko guya Rusiya prezidenti Vladimir Putinin xahişi ilə Sülh Şurasının iclasında iştirakdan imtina etməsi barədə yayılan şayiələri təkzib etmişdi. O, həmçinin Fransa tərəfinə rusiyalı həmkarı Vladimir Putindən mesaj çatdırdığını da bildirib.