BAKI, 14 fevral. TELEQRAF

Dubayın iri liman və logistika operatoru "DP World" şirkətinin sədri və baş icraçı direktoru Sultan Əhməd bin Süleym istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin açıqlamasına bildirilib. İstefa qərarı onun mərhum amerikalı maliyyəçi və cinsi cinayətlərdə ittiham olunmuş Cefri Epşteynlə mümkün əlaqələri ilə bağlı artan təzyiqlər fonunda qəbul edilib.

"Reuters" yazır ki, Yaxın Şərqin ən tanınmış biznes fiqurlarından biri olan bin Süleym son vaxtlar dərc olunan Epşteyn sənədlərindən sonra vəzifədən kənarlaşdırılan ən yüksək səviyyəli rəhbərlərdən biridir. ABŞ Konqresinin bəzi üzvləri onun adının ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan sənədlərdə çəkildiyini bildiriblər.

Məlumata görə, Dubay hökmdarı da eyni gün Dubayın Limanlar, Gömrük və Azad Zona Korporasiyasına yeni sədrin təyin olunması barədə fərman imzalayıb. Bu qurum da əvvəl bin Süleym tərəfindən idarə olunurdu.

"DP World" son günlər ciddi təzyiqlərlə üzləşib. Böyük Britaniyanın inkişaf maliyyə agentliyi və Kanadanın ikinci ən böyük pensiya fondu bu həftə bin Süleymə dair Epşteynlə əlaqələr barədə iddialara görə şirkətlə yeni investisiyaları dayandıracaqlarını açıqlamışdılar. Böyük Britaniyanın British International Investment qurumu "DP World"un qərarını alqışlayıb və Afrika limanlarının inkişafı üzrə tərəfdaşlığın davam etdiriləcəyini bildirib. Kanadanın “La Caisse” fondu da şirkətin “düzgün addımlar atdığını” qeyd edib və yeni rəhbərliklə əməkdaşlığı davam etdirməyə hazır olduğunu açıqlayıb.

Dubay Media Ofisinin məlumatına görə, Essa Kazım "DP World"un direktorlar şurasının sədri, Yuvraj Narayan isə qrupun baş icraçı direktoru təyin edilib. Essa Kazım hazırda Dubay Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəridir, Yuvraj Narayan isə 2004-cü ildən "DP World"da çalışır və son olaraq baş direktorun müavini vəzifəsini tutub.