BAKI, 10 fevral. TELEQRAF

Böyük Britaniyadan Fransaya “bir daxil olan – bir çıxan” sxemi çərçivəsində deportasiya edilən miqrantlar kifayət qədər tərcüməçi, hüquqi məsləhət və sonrakı taleləri barədə məlumat almayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Britaniya həbsxanalar üzrə müfəttişliyinin dərc etdiyi hesabata istinadla yazır.

Məlumata görə, iyulda tətbiq olunmağa başlayan proqram üzrə noyabrda uçuşla göndərilən 20 nəfərə yalnız ərəb və fransız dillərini bilən tərcüməçi təklif edilib, halbuki deportasiya olunanların demək olar ki, heç biri bu dilləri bilməyib. Hesabatda qeyd olunur ki, saxlanılanlar Fransaya aparıldıqlarını bilsələr də, orada onları nə gözlədiyi barədə məlumatlı olmayıblar və bu, bəzilərində narahatlığı artırıb.

Deportasiya olunanlara hüquq firmalarının telefon nömrələri verilsə də, bir çoxu vəkillərin onların işini götürmək istəmədiyini bildirib. Razılaşmaya əsasən, kiçik qayıqlarla Britaniyaya gələn şəxs saxlanılaraq Fransaya qaytarıla bilər, bunun müqabilində isə eyni sayda miqranta Fransadan Britaniyaya yeni qanuni marşrutla gəlməyə icazə verilir. Məqsəd miqrantları təhlükəli və qeyri-qanuni keçiddən çəkindirməkdir.

Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin sözçüsü hesabatla bağlı bildirib ki, saxlanılanların rifahı ən yüksək prioritetdir və saxlanma və köçürmə prosesləri ləyaqətə uyğun şəkildə həyata keçirilməlidir. Nazirlik əlavə edib ki, saxlanılanlara 26 dildə məlumat vərəqələri təqdim olunur.

Hüquq müdafiə təşkilatları isə bu sxemi özbaşına, lazımi hüquqi prosedurlardan məhrum və miqrantların rifahını nəzərə almayan mexanizm kimi qiymətləndirirlər. Keçən il BMT-nin yeddi xüsusi məruzəçisi də daxil olmaqla bir qrup ekspert Britaniya və Fransa hökumətlərinə məktub göndərərək proqramın dayandırılmasına çağırmış və onun beynəlxalq insan hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxara biləcəyini bildirmişdi.

Britaniyanın daxili işlər naziri Şabana Mahmudun sözlərinə görə, bu sxem çərçivəsində indiyədək 305 nəfər ölkədən çıxarılıb, 367 nəfər isə Britaniyaya qəbul edilib. Fransa Daxili İşlər Nazirliyi məsələ ilə bağlı sorğuya dərhal cavab verməyib.