BAKI, 1 fevral. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkianın göstərişi ilə ölkədə keçirilən etiraz aksiyaları zamanı həlak olan şəxslərin ilkin siyahısı açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Prezident Administrasiyasından məlumat verilib.
Siyahıda 2985 nəfərin adı yer alıb. Rəsmi məlumatlara əsasən, etirazlar zamanı ümumilikdə 3117 nəfər həyatını itirib.
Prezident Administrasiyasının yaydığı bəyanatda qeyd olunur ki, bu siyahı məhkəmə-tibbi ekspertiza tərəfindən hazırlanmış məlumatlar əsasında tərtib edilib və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı sistemi ilə uyğunlaşdırılıb. Qalan 132 nəfərin adları isə şəxsiyyət məlumatlarında uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra əlavə siyahıda təqdim olunacaq.
İran hakimiyyətinin daha əvvəl yaydığı məlumata görə, etirazlar zamanı ölənlərdən 2427-si mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları, 690 nəfər isə “terrorçu” kimi təqdim olunub. Prezident Administrasiyası bütün həlak olanların bu ölkənin övladları olduğunu bildirib.
Qeyd edilib ki, yaxın 48 saat ərzində xüsusi elektron sistemin ünvanı açıqlanacaq. Bu sistem vasitəsilə yeni məlumat və müraciətlərin inzibati maneələr olmadan, məxfilik və ləyaqət prinsipləri qorunmaqla araşdırılması mümkün olacaq.