BAKI, 27 yanvar. TELEQRAF

Avropa Komissiyası (AK) Litvaya Avropa İttifaqının SAFE (Security Action for Europe) hərbi proqramı çərçivəsində müdafiə layihələrini maliyyələşdirmək üçün 6,3 milyard avro kredit ayıracaq.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius bildirib.

"6,3 milyard avroluq kredit ayrılması yalnız Avropa sənayesi üçün deyil, həm də düşmənlərimiz üçün aydın mesajdır. Avropa öz gücü və suverenliyini ciddi qəbul edir",- o vurğulayıb.

Qeyd edilib ki, bu vəsait hesabına Litvada təxminən 50 müdafiə layihəsi maliyyələşdiriləcək. Əsas xərclər orduda motorlu piyadalar diviziyasının yaradılmasına, tanklar və zirehli döyüş maşınlarının alınmasına, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə və dronlara qarşı mübarizə vasitələrinin təchizatına yönəldiləcək.

Bundan əlavə, Litva SAFE proqramı çərçivəsində Ukraynaya hərbi texnika və sursatların alınmasında yardım göstərməyi də planlaşdırır.