BAKI, 25 yanvar. TELEQRAF
İran hakimiyyəti ölkə ərazisində vizual uçuş qaydaları (VFR) ilə həyata keçirilən aşağı səviyyəli uçuşları üç ay müddətinə dayandırıb.
Teleqraf xəbər verir ki, qadağa dövlət orqanlarına, hərbi aviasiyaya, axtarış-xilasetmə və tibbi xidmətlərə, həmçinin neft şirkətlərinin vertolyotlarına, hava hərəkətini idarə edən qurumlarla razılaşdırılmaq şərti ilə şamil edilmir.
Məlumatda qeyd olunur ki, VFR qaydaları adətən 5,5 km-ə qədər olan yüksəkliklərdə kiçik şəxsi təyyarələr tərəfindən istifadə olunur. Qaydalar kommersiya reyslərinə şamil edilmir, çünki onlar alət uçuş qaydaları (IFR) üzrə həyata keçirilir və uçuşun mövqeyi, hündürlüyü və parametrləri pilot-naviqasiya cihazlarının göstəricilərinə və dispetçer təlimatlarına əsaslanır.