BAKI, 3 aprel. TELEQRAF
Şimali Kipr Türk Cümuriyyəti (ŞKTC) Nazirlər Kabinetinin Kommunikasiya üzrə rəhbəri və Bayraq Radio Televiziya Qurumu (BRTK) İdarə Heyətinin sədri Özdemir Tokel Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Özdəmir bəy, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin hökumət başçılarının ikinci iclasında iştirak etdiniz. Bu haqda fikirlərinizi eşitmək istərdik.
- Bu zirvə Şimali Kipr Türk Cümhuriyyəti baxımından tarixi dönüş nöqtəsidir. İlk dəfə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Türkiyə xaricində bir ölkədə, beynəlxalq bir təşkilatda öz bayrağı, öz kimliyi və rəsmi statusu ilə təmsil olunub. Bu, simvolik deyil, birbaşa siyasi qazancdır. Ailə fotosunda yer almaq, rəsmi görüşlər keçirmək, zirvə zalında öz bayrağımızla iştirak etmək - bunların hər biri ayrıca dəyərlidir.
İşin mahiyyəti budur ki, Şimali Kipr Türk Cümhuriyyəti artıq Türk dünyasının masasında görünən və qəbul edilən bir aktordur. Bu vəziyyət illərdir aparılan diplomatik mübarizənin konkret nəticəsidir. Ankara və Bakı Şimali Kiprin dünyaya açılan pəncərəsi oldu.

- Azərbaycanın ŞKTC-yə yanaşmasını və bu prosesdəki rolunu necə dəyərləndirirsiniz?
- Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi siyasi dəstəkdən daha artıqdır. Azərbaycanın mövqeyi açıqdır, səmimidir və qardaşlıq hüququna əsaslanır. Cənab Prezident İlham Aliyevin ortaya qoyduğu iradə təkcə siyasi deyil, eyni zamanda tarixi bir mövqedir. Azərbaycan, Türk Dövlətləri Təşkilatı daxilində Türkiyədən sonra ŞKTC-nə ən güclü dəstək verən ölkədir. Bu dəstək diplomatik, siyasi və mədəni ölçüləri ilə çox dəyərlidir. Bakıda gördüyümüz mənzərə budur: ŞKTC tək deyil, Türk dünyasının bir parçasıdır. Bu səbəbdən bu zirvə yalnız bir toplantı deyil, bir həmrəylik manifestidir.
- Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hökumət başçılarının ikinci iclası təşkilatın gələcəyi baxımından nə ifadə edir?
- Dünya çoxqütblü bir düzənə doğru sürətlə irəliləyir. Belə bir dövrdə Türk Dövlətləri Təşkilatı yalnız mədəni birlik deyil, strateji bir güc mərkəzidir. Enerji, təhlükəsizlik, nəqliyyat, kommunikasiya və rəqəmsal infrastruktur - bütün bu sahələrdə ortaq hərəkət etmək artıq bir seçim deyil, zərurətdir.
ŞKTC bu quruluşun Aralıq dənizinin şərqində sərhəd keşikçisidir. Biz yalnız müşahidəçi deyilik, eyni zamanda bu coğrafiyada Türk dünyasının hüquq və maraqlarını qoruyan bir ön xəttik. "Mavi Vətən"dəki mövqeyimiz, enerji təhlükəsizliyindəki rolumuz və regional balanslardakı yerimiz bunu açıq şəkildə göstərir. İşin mahiyyəti budur, Türk dünyası gücləndikcə, ŞKTC-nin təsir gücü də artacaq.
-
- Bu zirvədən sonra ŞKTC-nin xarici siyasət və əməkdaşlıq vizyonu necə formalaşacaq?
- Bu zirvə bir başlanğıcdır, nəticə deyil. Artıq hədəfimiz daha aydındır: Türk dövlətləri ilə diplomatik, iqtisadi və mədəni əməkdaşlıqları konkret layihələrə çevirmək. Parlamentlərarası münasibətlərin gücləndirilməsi, media əməkdaşlığının artırılması, ortaq yayım və kommunikasiya strategiyalarının inkişaf etdirilməsi… Bunlar bizim prioritet istiqamətlərimizdir.
Xüsusilə, media sahəsində, Bayraq Radio Televiziya Qurumu (BRTK) olaraq Türk dünyası ilə daha inteqrə olunmuş bir kommunikasiya şəbəkəsi qurmaq istəyirik. Çünki müasir dünyada mübarizə yalnız sahədə deyil, həm də qavrayışda aparılır. Biz bu mübarizədə güclü, aydın və ortaq bir narrativ qurmaq məcburiyyətindəyik.
Sonda bunu çox açıq ifadə etmək istəyirəm: bu zirvə ilə sübut olunur ki, ŞKTC yalnız tamaşaçı deyil, danışan, təklif verən və töhfə qoyan bir üzv halına gəlib. Bu zirvə bir addımdır, amma çox güclü addımdır.
Foto: Elnur Muxtar