BAKI, 24 yanvar. TELEQRAF
Əsir götürülmüş Venesuela Prezidenti Nikolas Maduronun mühafizəçilərindən biri Amerikanın gizli silahının təsirlərindən danışıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.
Şahidin sözlərinə görə, bütün radar təhlükəsizlik sistemləri heç bir xəbərdarlıq edilmədən qəfildən sönüb. Daha sonra Venesuela qoşunlarının mövqeləri üzərində çoxsaylı dron və helikopterlər uçub.
“Bir anda onlar ( ABŞ ordusu – red) bir şey buraxdılar; bunu necə təsvir edəcəyimi bilmirəm. Bu, çox güclü səs dalğası kimi idi. Başım sanki içəridən partlayırdı”, - deyə mühafizəçi bildirib.
O əlavə edib ki, Venesuela əsgərlərinin burunlarından qanaxma başlayıb və bəziləri qan qusub. Onlar yerə yıxılıb və ayağa qalxa bilməyiblər.
ABŞ prezidenti Donald Tramp daha əvvəl "The New York Post" qəzetinə verdiyi müsahibədə 3 yanvarda Maduronu ələ keçirmək üçün istifadə edilən gizli silahdan danışıb. Ağ Ev rəhbəri ildırım sürətli əməliyyatı zamanı ABŞ-nin Venesuela hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün "Discombobulator" adlı gizli silahdan istifadə etdiyini açıqlayıb.